Azərbaycan liderinin qətiyyətli diplomatiyasının növbəti qələbəsi: Minsk qrupu tarixə qovuşdu

post-img

ATƏT Nazirlər Şurasının Minsk Prosesi və əlaqəli strukturların bağlanması barədə qərarı Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. 

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat bildirib ki, bu addım avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş normallaşma razılaşmalarının beynəlxalq səviyyədə təsdiqidir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev uzun illərdir ki, bu təşkilatı lazımsız adlandıraraq, qətiyyətli və uzaqgörən mövqeyini ortaya qoymuşdu. Hesab edirəm ki, ATƏT-in Minsk Konfransının Şəxsi Nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması Prezidentin strateji diplomatiyasının uğuru və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün beynəlxalq aləmdə təsdiqi kimi dəyərləndirilir. Eyni zamanda, bu qərar Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunu göstərir və normallaşma prosesinin praktik icrasına mühüm töhfə verəcək”.

S.Salmanova vurğulayıb ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti sayəsində Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, qlobal səviyyədə də etibarlı və fəal tərəfdaş kimi tanınır:

“Azərbaycan bundan sonra da beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi ilə regionda sülh və stabilliyin qorunmasını davam etdirəcək, diplomatik təşəbbüskarlığını gücləndirəcək. Bu tarixi qərar göstərdi ki, Prezidentin qətiyyətli siyasəti və uzaqgörən liderliyi regionda yeni reallıq yaradıb”.

Siyasət