Yaxın Şərq Sülh Sammiti: Dəyişən dünya və sabit Azərbaycan

post-img

Prezident İlham Əliyev obrazı və yeni liderlik

Prezident İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammitinə dəvət olunması və mühüm toplantıda iştirakı Azərbaycan amilini ön plana çıxarır. Bu barədə ötən saylarımızda da söz açmışıq. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan da sammitin iştirakçıları sırasında idi və bu, Bakı ilə sülhə gəlməkdən başqa yolu qalmayan İrəvana edilmiş jestdir. O jest ki, daha çox Ermənistanın daxili ictimai rəyində Paşinyanı yüksək tutmağa hesablanmışdı. Yəni demək olmaz ki, Nikolun mötəbər tədbirdə iştirakı onun nüfuz göstəricisi baxımından dəyərləndirilə bilən hadisədir.

Bəli, Prezident İlham Əliyevin Yaxın Şərq üzrə sülh sammitinə dəvət olunması Azərbaycanın xarici siyasət strategiyasının müstəsna uğurudur. Bu iştirak o deməkdir ki, ölkəmiz kifayət qədər mürəkkəb sayılan siyasi coğrafiyada önəmli faktordur. Elə bir faktordur ki, regionla bağlı qərarların qəbulunda iştirakçılıq payına malikdir. Yəni sammitə qatılma diplomatik forumda iştirak diapazonunu aşan hadisədir. Bu hadisə, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasətdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun da sübutudur. Çünki...

Axı gözlərimiz önündə dünyanın sürətlə dəyişdiyini görürük. Görürük ki, beynəlxalq aləm nəinki tədricən, hətta çox böyük sürətlə əvvəlki siyasi trend olan qloballaşmadan imtina edir. Mühafizəkar baxışların dominant rol oynamağa başladığını da, liderlik anlayışına baxışların dəyişdiyini də həmçinin. Artıq ənənəvi ABŞ–Rusiya rəqabəti fonunda hər iki ölkənin liderlərinin hakim rol oynaması kimi baxışlar əhəmiyyətini itirməkdədir.

Belə bir durumda dünyanın iti nəzərlərlə müşahidə etdiyi İlham Əliyev obrazı canlanmaqdadır. Bu obraz nəhəng güclər üçün etibarlı tərəfdaş və müttəfiqdir. Ən əsası isə o, regional balansın saxlanmasında məsuliyyət sahibidir, ayrıca qərarverici statusdadır. Mövcud status İlham Əliyev liderliyinə bərabərtərəfli siyasət aparmaq ampluası qazandırır. Fikrimizin təsdiqi üçün Yaxın Şərq Sülh Sammitində çəkilmiş fotolara diqqət yetirmək kifayətdir. Nəzərə alaq ki, bu fotolar heç də adi nəzakət nümayişi yox, beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşdığının sübutlardır. O fotolar ki, özündə konkret mesaj təbiətini daşıyır və onlarda Prezident İlham Əliyevin əsl lider xarizması parlaqlığı ilə özünü göstərir. Bu, Azərbaycan adına misli görünməmiş uğurdur, tariximiz üçün böyük mirasdır.

Azərbaycan, Prezident İlham Əliyevin şəxsində dünyada yeni liderlik paradiqmasını müəyyənləşdirən ölkədir. Bu liderlik ənənəvi güc mərkəzlərinin öz aralarındakı mübarizə kontekstindən uzaq təbiətə malikdir və bu cəhət ona öz oyun qaydalarını müəyyənləşdirmək imkanı verir. Bu liderlik, həmçinin, digər konfrontasiyaların diskomfortundan sığorta təmayülünü daşımaq üstünlüyüdür. Nəticə etibarilə Azərbaycanı “Orta güc”ə çevirən üstünlük. Elə bir gücə ki, regional miqyaslı qərarların qəbulunda sərbəstdir. Həm də ona görə sərbəstdir ki, qəbul etdiyi qərarlar ümumi oyun qaydalarının axarına zidd deyil. Əksinə, praqmatizm və rasionallıq keyfiyyətləri həmin qaydaların özünün məzmununa müsbət təsir göstərir. Deməli, tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin rasional və praqmatik keyfiyyətləri, yüksək səriştəsi, habelə qətiyyəti və iradəsi özündə beynəlxalq axara təsiretmə immunitetini daşıyır. Dünya üzrə qərarların qəbulunda iştirakçılıq da elə bu immunitetin nəticəsindədir.

Azərbaycanın son onilliklərdə ən mühüm diplomatik nailiyyətləri əldə etməsində məntiq və qanunauyğunluq var. Qanunauyğun və məntiqli siyasət ölkəmizə regional proseslərə təsir potensiallı dayanıqlı dividend qazandırır, Azərbaycanın etibarlı neytral tərəfdaş mövqeyi isə onu məxsusi aktora çevirir. Bu aktorluq ölkəmizi Suriyanın bərpasında, habelə, enerji təchizatı və infrastruktur layihələrində, investisiya qoyuluşlarında mərkəzi fiqur kimi vurğulayır, uzunmüddətli nəticələr üçün təminat formalaşdırır. Əlbəttə, ən böyük təminat aktorluğun konstruktiv oyunçu imicidir və o Prezident İlham Əliyevə inam və etimaddan qaynaqlanır.

Dövlətimizin başçısına məhz böyük inam və etimadın nəticəsidir ki, Azərbaycan Yaxın Şərqin iki barışmaz tərəfi olan İsrail və Fələtsinlə balanslaşdırılmış xətti tutur. Ən başlıcası, rəsmi Bakının bu mövqeyi bir-biri ilə ədavətdə olan qütblər tərəfindən təbii qarşılanır. Məsələyə regional arxitektura nöqteyi-nəzərdən yanaşsaq, ölkəmiz sabitləşdirici rol oynayır. Digər tərəfdən, Azərbaycanı dünya üçün əhəmiyyətli mövqeyə qaldıran xüsusiyyətlərdən biri də balanslaşdırılmış siyasət xəttindəki məxsusi diferensiallıqdır. Məxsusililik həmin siyasi xəttin daxili strukturunu geniş götürür. Nəzərə alaq ki, ölkəmiz postsovet məkanında, ərəb dünyasında, Asiya siyasi coğrafiyasında və Amerikada eyni şəkildə qəbul edilən nadir ölkədir. Üstəlik, rəsmi Bakının siyasi yanaşmaları Rusiya tərəfindən də qəbul olunur. Baxmayaraq ki, mövcud sahədə müəyyən problemlərin olduğunu da demək mümkündür.

Azərbaycanın etibarlılıq imici ölkəmizə bir-birilərinə zidd qüvvələr arasında vasitəçilik statusu da qazandırmaqdadır. İndiyədək bununla əlaqədar bir sıra nümunələr var. Əlbəttə, etibarlı tərəfdaş imicini şərtləndirən mühüm xüsusiyyətlərdən biri də tərəfdaşlığın faydalı əməkdaşlıq kazusunu rəhbər tutmasıdır. Axı iqtisadi fayda konfrontasiyaların ənənəvi mahiyyətini heçə endirir. Daha doğrusu, qarşıduran qütblərin bir-birilərinə kəskin münasibətlərini yumşaldır. Qəti şəkildə onu da demək mümkündür ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin səmərəli, qarşılıqlı əlaqə qurmaq bacarığı mürəkkəb, çoxqatlı regional balans sisteminə inteqrasiyanın mühüm indikatoru rolunda çıxış edir. Hesab edirik ki, məhz bu rolun özü də ötən onillikdəki ən böyük diplomatik uğurdur.

Sonda ümumiləşdirmə apararaq deyək ki, Azərbaycanın Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammiti kimi mühüm toplantıdakı təmsilçiliyi ölkəmizin yeni dünya düzənindəki yeri və rolunun yüksək notlarla vurğulanmasıdır. Yazımızda bununla əlaqədar xarici aspektləri diqqətə çatdırdıq və Prezident İlham Əliyevin beynəlxalq siyasi proseslərə yüksək bələdçilik bacarığının ayrı-ayrı nüansları üzərində dayandıq. Ancaq bir məqam ayrıca qeyd edilməlidir. Xaricdəki uğurlar daxildəki nizamdan asılıdır. Əgər ikinci olmasa, birinci barədə danışmaq mümkünsüzdür. Bu günün Azərbaycanı isə daxili sabitliyin təmin olunduğu, vətəndaş rifahının qərarlaşdığı, daimi iqtisadi inkişafı hədəf seçən məmləkətdir. Başqa sözlə desək, ölkəmizin daxili vəziyyəti ilə xarici durumu bir-biri ilə harmoniyadadır. Bu harmoniyanın qorunması gələcək uğurlar üçün etibarlı təminatdır. Dəyişən dünyada müstəqil Azərbaycan Respublikasının əbədiyyət təminatı!

Ə.CAHANGİROĞLU
XQ

Siyasət