Ermənistan Azərbaycan qazının idxalçısına çevrilə bilər

post-img

Ermənistan, nəhayət, 30 ildən artıq davam edən işğalçılıq siyasətinin ölkəyə heç bir fayda gətirmədiyini, əksinə, siyasi və iqtisadi baxımdan ciddi fəsadlara yol açdığını dərk edib. Rəsmi İrəvan anlayır ki, bu yanlış istiqamət Ermənistanı regionda təcrid vəziyyətinə salıb və inkişaf perspektivlərini məhdudlaşdırıb.

Son dövrlər baş nazir Nikol Paşinyan və hökumət üzvlərinin çıxışlarında bu reallıq açıq şəkildə etiraf olunur. Onlar bildirirlər ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıq ölkənin iqtisadi durumuna müsbət təsir göstərə bilər. Rəsmilərin xüsusilə enerji sektorunda Azərbaycanın geniş imkanlarından faydalanmaq istəkləri diqqət çəkir. Hazırda təbii qaz idxal edən Ermənistan hakimiyyəti yaxın gələcəkdə Azərbaycan qazının alınmasını istisna etmir. Bu məsələni ilk dəfə açıq şəkildə gündəmə gətirən Ermənistan parlamentinin sədri Alen Simonyan olub. O, ötən il parlamentdəki çıxışında qeyd etmişdi ki, “Ermənistanın Azərbaycandan qaz alması ideyasını mən müsbət qiymətləndirirəm, bu barədə danışıqlar aparmaq lazımdır. Onsuz da hazırda Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan mənşəlidir”.

Qeyd edək ki, bu günlərdə mövzu Ermənistanda yenidən aktuallıq qazanıb. Erməni politoloq Benyamin Matevosyan deyib ki, Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır. O, fikrini bu cür əsaslandırıb: “Avronest”in İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı. Avropalı parlamentari, əslində, Ermənistanın hakim partiyası Mülki Müqavilənin mövqeyin ifadə edib”. Politoloq partiyanın deputatı Qagik Melkonyandan sitat da gətirib: “Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.

Bəs Ermənistanla bu sahədə əməkdaşlıq mümkündürmü? 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan Ermənistanın bu sıraya qoşulmasına icazə verəcəkmi? Rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyinə gəldikdə deyə bilərik ki, ötən il aprelin 25-də Prezident İlham Əliyev məsələyə münasibət bildirib. Dövlət başçısı qeyd edib: “Əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və yaxın zamanda sülh sazişi imzalansa, onda dayanıqlı sabitlik və təhlükəsizlikdən, region ölkələrinin əməkdaşlığından danışmaq olar”. Ölkə rəhbəri əlavə edib: “...

Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün təbii qazın qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı”.

Bir sözlə, Prezident İlham Əliyevin fikirlərindən də aydın görünür ki, sülh müqaviləsi imzalandığı təqdirdə, belə bir əməkdaşlıq ola bilər. Nəzərə alsaq ki, avqust ayında Vaşinqtonda XİN rəhbərlərinin iştirakı ilə 17 maddədən ibarət saziş layihəsi paraflanıb və hazırda regionda de-fakto sülh hökm sürür. Yekun sülh sazişinin imzalanması isə Ermənistanın sonuncu ev tapşırığını yerinə yetirməsi ilə reallaşacaq. Bu da məlum olduğu kimi, qarşı tərəfin konstitusiya dəyişikliyi ilə bağlıdır. Bütün bunlar gerçəkləşəcəyi təqdirdə, Ermənistanın Azərbaycanın təbii qazından yararlanması baş tuta bilər.

Xatırladaq ki, uzun illər düşmən münasibətlərində olan dövlətlərin sonradan iqtisadi maraqlar naminə əməkdaşlıq etməsi beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən haldır. Məsələn, Almaniya–Rusiya (SSRİ) İkinci Dünya müharibəsində amansız düşmən idilər. Müharibədən sonra, xüsusilə 1970-ci illərdən etibarən Almaniya SSRİ-dən (sonradan Rusiyadan) təbii qaz idxal etməyə başladı. “Qaz üçün boru” razılaşması Avropanın enerji xəritəsini dəyişdi. Bu əməkdaşlıq siyasi gərginliyə baxmayaraq, onilliklərlə davam etdi. Daha bir nümunə İsrail və Misirdir. 1948–1973-cü illərdə İsrail və Misir bir neçə dəfə müharibə aparıblar. 1979-cu ildə sülh müqaviləsi imzaladıqdan sonra enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa başlayıblar. Hazırda İsrail Misirə təbii qaz ixrac edir, Misir isə bu qazı mayeləşdirərək Avropaya satır. Bu, düşmən ölkələrin enerji sahəsində əməkdaşlığının bariz nümunələrdəndir. Siyahıya Çin–Hindistan, Vyetnam–ABŞ, Yaponiya–Cənubi Koreya iqtisadi əməkdaşlığını da əlavə etmək olar.

Sonda bir məqamı xüsusi vurğulayaq ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsini daim təşviq edib və regionun təcriddən çıxmasına çalışıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi (TRIPP) ideyası təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin iqtisadi inkişafı və uzunmüddətli sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Uzun illər blokada şəraitində qalan Ermənistan üçün Azərbaycan vasitəsilə regional və beynəlxalq iqtisadi məkanlara inteqrasiya imkanı yaranıb. Hərçənd Ermənistan uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlayıb, rəsmi Bakı buna baxmayaraq, humanist və konstruktiv siyasətini davam etdirir. Azərbaycan artıq Ermənistana yük daşımaları ilə bağlı işğal dövründən qalan bütün nəqliyyat məhdudiyyətlərini aradan qaldırıb. Bunun ilk real nümunəsi Qazaxıstandan Ermənistana taxıl daşınması olub. Bundan əlavə, Azərbaycan tərəfi Rusiya məhsullarının ölkə ərazisindən Ermənistana tranziti üçün dəmir yolu infrastrukturundan istifadəyə razılıq verib.

Tural İSMAYILOV,
politoloq

Ermənistanın bəzi hökumət nümayəndələrinin və politoloqlarının Azərbaycandan qaz almağa müsbət baxması ölkəmizin regional və qlobal liderlik rolunu bir daha göstərir. Azərbaycanın iqtisadi və enerji gücü artıq siyasi və strateji nüfuz yaradır və qonşular üçün real diqqət obyekti kimi çıxış edir. Bu yanaşma göstərir ki, ölkəmizin mövqeyi təkcə hərbi və diplomatik sahədə deyil, enerji və iqtisadi sahədə də etibar və önəm qazanıb.

Azərbaycanın qlobal lider kimi nüfuzu region ölkələrinin enerji siyasətinə və strateji düşüncəsinə təsir imkanlarını artırır. Alen Simonyanın timsalında Ermənistan tərəfi artıq bu reallığı nəzərə alır. Azərbaycanın rolunu dəyərləndirmək həm iqtisadi, həm də siyasi baxımdan önəmlidir. Bu, Azərbaycanın nüfuzu və gücü ilə formalaşan liderlik modelinin açıq təzahürüdür.

Azərbaycanın mövqeyi və gücü Ermənistanın strateji düşüncəsində öz yerini tapır və regional əməkdaşlıq imkanlarının perspektivini genişləndirir. Rəsmi İrəvanın belə yanaşması gələcəkdə Zəngəzur dəhlizi və digər əməkdaşlıq təşəbbüslərinə stimul verə bilər. Nəticə etibarilə, Azərbaycanın diplomatik və strateji liderliyi artıq regional planlama və qərarvermə proseslərində önəmli faktor kimi çıxış edir. Bu, Azərbaycanın regiondakı nüfuzunun, həmçinin gələcək geosiyasi üstünlüyünün açıq göstəricisidir.

Musa BAĞIRLI
XQ



Siyasət