Azərbaycanın Mərkəzi Asiya üçün yaratdığı alternativsiz inkişaf modeli
XXI əsrin üçüncü onilliyində Avrasiya materikinin siyasi və iqtisadi xəritəsinə nəzər saldıqda, Cənubi Qafqazın və Mərkəzi Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın oynadığı rolun sadəcə coğrafi üstünlüklərlə izah edilə bilməyəcək qədər dərin, strateji və unikal xarakter daşıdığı aydın görünür.
İki qitəni, fərqli sivilizasiyaları və nəhəng enerji bazarlarını birləşdirən ölkəmiz hazırda təkcə nəqliyyat qovşağı və ya enerji təchizatçısı funksiyasını yerinə yetirmir, həm də Qərblə Şərq, Şimalla Cənub arasında dayanıqlı siyasi dialoqun, iqtisadi inteqrasiyanın və təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici söz sahibi olan “Kilit ölkə” statusunu nümayiş etdirir. Azərbaycanın mövqeyinin unikallığı Mərkəzi Asiyanın dünya okeanına və Avropa bazarlarına çıxışını təmin edən yeganə etibarlı, təhlükəsiz və suveren qapı olmasında, eyni zamanda, Türk dünyasının coğrafi və siyasi bütövlüyünü təmin edən birləşdirici halqa rolunu oynamasında təcəssüm edir.
Tarixi təcrübə və müasir geosiyasi reallıqlar göstərir ki, dövlətlərin strateji əhəmiyyəti onların sahib olduqları resurslardan daha çox, həmin resursları necə idarə etmələri və yerləşdikləri coğrafiyanı qlobal layihələrin mərkəzinə çevirmək bacarıqları ilə ölçülür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və uzaqgörən xarici siyasət kursu ölkəni postsovet məkanının ənənəvi problemlərindən uzaqlaşdıraraq, qlobal miqyasda hesablaşılan, müstəqil iradəyə malik orta güc (middle power) səviyyəsinə yüksəltmişdir.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasındakı inteqrasiya proseslərində Bakının oynadığı rol bu strategiyanın təntənəsidir. Rusiya-Ukrayna müharibəsi fonunda qlobal təchizat zəncirlərinin qırılması və Şimal Dəhlizinin faktiki olaraq fəaliyyətini dayandırması diqqəti Orta Dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəltmişdir. Həmin marşrutun mərkəzi oxunu təşkil edən ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşa çevrilmişdir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi ölkələr ixrac potensiallarını şaxələndirmək və ənənəvi asılılıqlardan xilas olmaq üçün Azərbaycanın təklif etdiyi tranzit imkanlarına, logistik infrastruktura və siyasi dəstəyə ehtiyac duyurlar.
Azərbaycanın mövqeyini unikal edən əsas amillərdən biri rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə qurduğu münasibətlərin xarakteridir. Bu münasibətlər sadəcə iqtisadi mənfəət üzərində deyil, eyni zamanda dərin etnik, mədəni və tarixi köklərə əsaslanır. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən yeganə türk dövləti olaraq, Mərkəzi Asiyadakı qardaş respublikaların Avropa və Türkiyə ilə əlaqəsini təmin edən təbii körpüdür. Lakin Azərbaycan sadəcə körpü rolunu oynamaqla kifayətlənmir, həm də regionlararası əməkdaşlığın gündəliyini müəyyən edən, yeni təşəbbüslər irəli sürən və investisiya layihələrini reallaşdıran fəal ölkədir.
Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun yaradılması, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli, rəqəmsal İpək Yolu layihəsinin icrası kimi addımlar Bakının Mərkəzi Asiya regionunda artan iqtisadi və siyasi çəkisinin əyani sübutudur. Digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı etimad prinsipinə söykənir ki, bu da onu regionun digər dövlətləri qarşısında rəqabətsiz üstünlüklə təmin edir.
Enerji təhlükəsizliyi məsələsi Azərbaycanın unikallığını şərtləndirən digər əsas faktordur. Avropanın enerji xəritəsinin yenidən formalaşdığı bir dövrdə Azərbaycan qitənin enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən dövlətimiz, eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli üçün zəruri infrastrukturu və siyasi iradəni təqdim edir. Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın rolu təkcə iqtisadi dividendlərlə ölçülmür.
Həmin proses ölkəmizi Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında strateji dialoqun əsas vasitəçisinə və qarantına çevirir. Avropa Komissiyası rəhbərliyinin Bakıya səfərləri və Azərbaycanla strateji tərəfdaşlıq sənədlərinin imzalanması Qərbin ölkəmizi geniş Avrasiya məkanında sabitliyin və inkişafın açarı kimi qəbul etdiyini göstərir. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Enerji Dəhlizi" layihəsi Xəzər dənizinin külək enerjisi potensialının Avropaya nəqlini nəzərdə tutur.
Nəqliyyat və logistika sahəsində Azərbaycanın mövqeyi əvəzolunmaz və rəqabətsizdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və inkişaf etdirilən avtomobil yolları şəbəkəsi Şərq-Qərb nəqliyyat dəhlizinin ən vacib halqalarıdır. Çindən Avropaya və əks istiqamətə yükdaşımaların həcminin artması Orta Dəhlizin aktuallığını heç vaxt olmadığı qədər artırmışdır. Mərkəzi Asiya ölkələri dənizə çıxışlarının olmaması səbəbindən ("landlocked countries"), qlobal ticarətə inteqrasiya üçün Azərbaycana ehtiyac duyurlar.
Azərbaycan isə öz növbəsində, tranzit prosedurlarını sadələşdirməklə, gömrük sistemini rəqəmsallaşdırmaq və tarif siyasətini optimallaşdırmaqla, Mərkəzi Asiya yüklərinin sürətli və maneəsiz keçidini təmin edir. Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin mütəmadi olaraq Azərbaycana səfərləri və nəqliyyat sahəsində imzalanan yol xəritələri region dövlətlərinin Bakının tranzit potensialına verdiyi önəmin göstəricisidir.
Azərbaycanın unikal mövqeyi həm də onun təhlükəsizlik arxitekturasındakı rolu ilə bağlıdır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Cənubi Qafqazda yeni hərbi-siyasi reallıq yaratmışdır. Ölkəmiz regionda separatizmə son qoyan və beynəlxalq hüququ öz gücünə bərpa edən yeganə dövlət kimi, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri üçün güclü dövlətçilik və ordu quruculuğu modeli təqdim edir.
Qlobal təhdidlər və regiondakı digər risklər fonunda, Azərbaycanın təhlükəsizlik sahəsindəki təcrübəsi, xüsusi xidmət orqanları və müdafiə sənayesi sahəsindəki uğurlarını diqqətlə izlənilir. Azərbaycan, Türkiyə və Pakistanla birlikdə formalaşdırdığı üçtərəfli əməkdaşlıq formatı vasitəsilə, faktiki olaraq regionun təhlükəsizlik çətirinin formalaşmasında iştirak edir. Mərkəzi Asiya dövlətləri ilə keçirilən birgə hərbi təlimlər, kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi və hərbi-texniki əməkdaşlıq Bakının regionun sabitliyinə verdiyi töhfənin bariz nümunəsidir.
Geosiyasi baxımdan Azərbaycan Qərb və Şərq, Şimal və Cənub qütbləri arasında uğurlu balanslaşdırma siyasəti yürüdən nadir ölkələrdəndir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakının nümayiş etdirdiyi qlobal liderlik onun beynəlxalq nüfuzunu Mərkəzi Asiya ölkələri üçün də əlçatmaz səviyyəyə qaldırmışdır. Azərbaycan qlobal platformalarda, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında Mərkəzi Asiya ölkələrinin maraqlarını dəstəkləyən, onların səsinin eşidilməsinə şərait yaradan etibarlı dostdur.
Eyni zamanda, ölkəmizin Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı və NATO ilə səmərəli əməkdaşlığı onun Mərkəzi Asiya ölkələri üçün Qərbə inteqrasiya yolunda bələdçi rolunda çıxış etməsinə imkan verir. Digər tərəfdən, Rusiya və İranla qonşuluq münasibətlərini praqmatik məcrada saxlaması, Azərbaycanın diplomatik manevr qabiliyyətinin yüksəkliyinin göstəricisidir.
Azərbaycanın öz iqtisadi modelinin dayanıqlılığının təminatı və şaxələndirilməsi istiqamətində atdığı addımlar da onun regiondakı unikal mövqeyini gücləndirir. Rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və sənayeləşmə siyasəti, ölkəmizi regionun iqtisadi cazibə mərkəzinə çevirir. Ələt Azad İqtisadi Zonası kimi layihələr Mərkəzi Asiya investorları və şirkətləri üçün yeni imkanlar yaradır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin məhsullarının emalı və qablaşdırılması, buradan isə Avropa bazarlarına çıxarılması üçün platforma təklif edir. Kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahəsində əməkdaşlıq regionlararası iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Humanitar və mədəni diplomatiya sahəsində Azərbaycanın oynadığı rol da xüsusi vurğulanmalıdır. Bakı Türk dünyasının mədəni paytaxtı funksiyasını uğurla yerinə yetirir, ortaq türk irsinin qorunması və təbliği istiqamətində qlobal layihələrə ev sahibliyi edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mədəni mübadilə proqramları, təhsil təqaüdləri və gənclər forumları Cənubi Qafqaz və Mərkəzi Asiya xalqları arasında canlı ünsiyyət körpüləri yaradır. Azərbaycanın multikulturalizm modeli və dini tolerantlıq mühiti Mərkəzi Asiya ölkələri üçün də nümunəvi xarakter daşıyır.
Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən COP29 kimi qlobal sammitlər Mərkəzi Asiya ölkələrinin də qlobal problemlərin müzakirəsinə cəlb olunması üçün platforma rolunu oynayır. Azərbaycan iqlim dəyişmələri, su qıtlığı və ekoloji problemlər kimi Mərkəzi Asiya üçün mühüm əhəmiyyət daşıyan məsələlərin beynəlxalq gündəliyə daşınmasında fəal iştirak edir. Xəzər dənizinin ekologiyasının qorunması və su resurslarının səmərəli istifadəsi istiqamətində təşəbbüslərimiz isə region ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı mövqeyi tarixi, coğrafi, iqtisadi və siyasi amillərin sintezindən yaranan unikal strateji fenomendir. Dövlətimiz iki regionu bir-birinə bağlayan fiziki və mənəvi bağdır. Rəsmi Bakının yürütdüyü müstəqil, milli maraqlara söykənən və regional əməkdaşlığa hədəflənmiş siyasət onu Avrasiyanın geosiyasi arxitekturasında əvəzolunmaz liderə çevirmişdir. Mərkəzi Asiya dövlətləri üçün ölkəmiz Qərbə açılan yeganə etibarlı pəncərə, strateji müttəfiq və iqtisadi tərəfdaşdır. Qərb üçün isə Azərbaycan Mərkəzi Asiyaya çıxışın açarı, enerji təhlükəsizliyinin qarantı və regionda sabitliyin dayaq nöqtəsidir.
Həmin nadir status Azərbaycanın gələcək onilliklərdə də regionun lider dövləti olaraq qalacağını və qlobal proseslərə təsir imkanlarının artacağını proqnozlaşdırmağa əsas verir. Azərbaycanın uğuru, eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ümumi inkişafının, rifahının və təhlükəsizliyinin təminatıdır. Prezident İlham Əliyevin strateji vizyonu sayəsində Azərbaycan tarixən olduğu kimi, bu gün də İpək Yolunun kəsişməsində sivilizasiyaları birləşdirən, tərəqqi və əməkdaşlıq məşəli kimi parlayan güc mərkəzidir.
Yusif ŞƏRİFZADƏ
XQ

