Tərəfdaşlıq və suverenlik balansı

post-img

Yəqin ki bir çoxları Yaxın Şərqdə cərəyan edən proseslərdən xəbərdardır. Söhbət oradakı münaqişələrdən gedir. Sözügedən məsələ ilə bağlı kifayət qədər məqalələlərə, analitik təhlillərə, müsahibələrə rast gəlmək mümkün olsa da, dövlətimizin proseslə bağlı rəsmi mövqeyi, şübhəsiz, hər kəs üçün maraqlı idi. Prezident İlham Əliyev yeni ilin ilk iş günündə yerli televiziya kanallarına müsahibəsində ilk dəfə bu məsələyə toxunmaqla mövqeyimizi beynəlxalq auditoriyaya bəyan etdi. 

Əslində Yaxın Şərq regionunda tərəf saxlamaq çox zaman hansısa blokun, hansısa emosional cəbhənin və ya ideoloji ritorikanın tərkib hissəsinə çevrilmək mənasına gəlir. Ona görə də Yaxın Şərqlə bağlı fikir bildirərkən etibarlı siyasi balans və prinsipial mövqe önəmlidir. Azərbaycanın fərqləndirici cəhəti də məhz buradadır. Rəsmi Bakı bu gün həm İsraildə, həm ərəb dünyasında, həm də daha geniş İslam coğrafiyasında bərabərhüquqlu tərəfdaş kimi qəbul olunur. Əlbəttə bunun əsas səbəbi illərlə ardıcıl aparılmış praqmatik, suveren və məsuliyyətli xarici siyasətdir. Azərbaycanın nə İsraillə münasibətləri ərəb və İslam dünyasına qarşı qurulub, nə də Fələstin məsələsindəki mövqeyi İsraillə əlaqələrin alternativi kimi təqdim edilib. Əlqərəz, ölkəmizin qurduğu balans müasir beynəlxalq münasibətlərdə nadir keyfiyyətlərdəndir. 

Prezidentin müsahibəsində Yaxın Şərq mövzusunda diqqətçəkən və eyni zamanda ən prinsipial məqam Qəzza sektoru ətrafında formalaşan mümkün beynəlxalq missiyalarla bağlı mövqeyimizdir. Ölkə başçısının burada səsləndirdiyi fikirlər beynəlxalq hüquq, hərbi praktika və milli təhlükəsizlik baxımından formalaşmış aydın doktrinaya söykənir: “Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik. Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil”. 

Bəli, dövlət başçısı ilk növbədə Qəzzada kimin mandat verəcəyi və həmin mandatın mahiyyətinin hələ də qeyri-müəyyən olduğunu vurğulamaqla məsələni normativ-hüquqi çərçivəyə qaytardı. Paralel olaraq vurğulanan “peacekeeping” və “peace enforcement” anlayışlarının fərqləndirilməsi də təsadüfi deyil. Beynəlxalq praktikada hər iki termin tez-tez qarışdırılsa da, onların mahiyyəti və nəticələri köklü şəkildə fərqlənir. Sülhməramlı əməliyyatlar adətən tərəflərin razılığı, atəşkəs rejimi və neytral mövqenin qorunması üzərində qurulur. Halbuki “peace enforcement”, yəni sülhün zorla tətbiqi faktiki olaraq döyüş əməliyyatlarının davamıdır və bu cür missiyalar iştirakçı ölkələr üçün birbaşa hərbi risklər yaradır. Azərbaycanın bu ikinci formata hazır olmadığını və ümumiyyətlə belə bir iştirakı nəzərdə tutmadığını açıq şəkildə bəyan etməsi isə ölkənin xarici hərbi iştiraklara yanaşmasında qəti və dəyişməz prinsipin mövcudluğunu bir daha göstərir. Ölkəmiz bununla təhlükəsizlik anlayışını və insan həyatına verdiyi dəyəri beynəlxalq arenada açıq şəkildə müdafiə edir. Yeri gəlmişkən, bu kontekstdə Əfqanıstan təcrübəsinə istinad xüsusi əhəmiyyət daşıyır. Prezidentin vurğuladığı kimi, Azərbaycanın sülhməramlı missiyalarda iştirakı tarixən məhdud, dəqiq və funksional xarakter daşıyıb. Strateji obyektlərin mühafizəsi ilə məhdudlaşan iştirak döyüş əməliyyatlarından kənar saxlanılıb və nəticədə ölkəmiz illər ərzində heç bir itki verməyib. Azərbaycanın Yaxın Şərq məsələlərinə yanaşmasının öz tarixi təcrübəsi ilə əlaqələndirilməsi də təqdirəlayiq məqamlardan idi. Prezidentin Birinci və İkinci Qarabağ müharibələrində verilmiş itkilərə istinad etməsi bu mövqenin kollektiv milli yaddaş üzərində qurulduğunu göstərir. Birinci Qarabağ müharibəsində on minlərlə insanın həyatını itirməsi, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsi və Azərbaycanın uzun illər beynəlxalq laqeydliklə üz-üzə qalması bu gün verilən qərarların psixoloji və siyasi fonunu formalaşdırır. Prezidentin “bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq” fikri beynəlxalq münasibətlərdə selektiv ədalət anlayışına yönəlmiş açıq, lakin ölçülü növbəti tənqid nümunəsi idi. Xüsusi diqqətçəkən tezislərdən biri “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir” yanaşmasıdır. Prezident açıq şəkildə bildirdi ki, qeyri-ərəb müsəlman ölkələrinin sözügedən məsələlərdə “parovozun önündə qaçması” nə regionun özünə, nə də həmin ölkələrə fayda gətirir. Bəli, son onilliklərdə Yaxın Şərqdə müşahidə olunan uğursuz müdaxilələri təhlil etsək, bu yanaşmanın da öz təsdiqini tapdığını görmək mümkündür. Çünki xarici aktorların bölgəyə “xilasedici” mövqedən daxil olması əksər hallarda vəziyyəti daha da ağırlaşdırıb.  

ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın mümkün iştirakı ilə bağlı verdiyi bəyanata reaksiya da xüsusi önəm kəsb edir. Dövlətimizin başçısının bu məsələni açıq şəkildə gündəmə gətirməsi iki əsas məqsədə xidmət edir. Birincisi, Azərbaycanın adından danışılmasına qəti şəkildə etiraz olunur. Prezident bildirib ki, rəsmi Bakı heç bir razılıq verməyib və bu barədə diplomatik kanallarla Amerika administrasiyasına rəsmi mövqe çatdırılıb. İkincisi, bu açıqlama beynəlxalq mediada dolaşan şayiələrin qarşısını almağa yönəlib. Ölkə başçısının vurğuladığı kimi, xüsusilə yüksək rütbəli diplomatlar tərəfindən səsləndirilən məsuliyyətsiz və yanlış bəyanatlar beynəlxalq auditoriyada səhv təsəvvür yaradır. Azərbaycanın bu məsələdə 20 sualdan ibarət rəsmi müraciət hazırlaması isə institusional və hüquqi çərçivədə verildiyini sübut edir.

Beləliklə, Azərbaycan Yaxın Şərq siyasətinin əsas konturlarını ilk dəfə bu qədər sistemli şəkildə nümayiş etdirdi. Ölkəmizin sözügedən istiqamətdə yürütdüyü siyasətin mərkəzində insan həyatı, suveren qərarvermə və balanslı tərəfdaşlıq dayanır. Bakı bu gün Yaxın Şərqdə nə xilasedici roluna iddia edir, nə də kənar müşahidəçi kimi məsuliyyətdən yayınır. Azərbaycan öz yerini çoxdan müəyyənləşdirib – regionun daxili mexanizmlərinə hörmət edən, beynəlxalq hüquqa söykənən etibarlı tərəfdaş.

Nəzrin ELDARQIZI

XQ

Ekspert rəyi

Lalə Xəlilzadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanın Yaxın Şərq siyasəti ənənəvi ikitərəfli diplomatiyadan önə çıxaraq enerji, nəqliyyat və humanitar ölçüləri birləşdirən çoxşaxəli yanaşma üzərində qurulub. Bu siyasət eyni zamanda ərəb təşkilatları ilə münasibət fonunda davam edir. Qeyd edilən əlaqələr yalnız formal üzvlük və ya bəyanat diplomatiyası ilə məhdudlaşmır, daha çox qarşılıqlı legitimlik və siyasi koordinasiya prinsiplərinə əsaslanır. Hazırda da, Azərbaycan ərəb ölkələri və təşkilatları ilə münasibətlərdə ideoloji gündəmlərdən uzaq duraraq, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipini mərkəzə alan praqmatik siyasət yürüdür.  

Bu yanaşma uzun illərin ən kəskin münaqişə zonası hesab olunan Yaxın Şərqdə tətbiq edilib. İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələrlə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunmuş və Azərbaycanın mövqeyi diqqətə çatdırılmışdır. Prezident İlham Əliyevin ABŞ və Misir Prezidentləri tərəfindən Qəzza üzrə Şarm Əl-Şeyx sammitinə dəvət olunması Azərbaycanın qlobal səviyyədə fəal aktor kimi qəbul edildiyini və sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi olduğunu təsdiqləyir.

Diplomatik səylərlə yanaşı, Azərbaycanın münaqişə zonalarında yerləşən ölkələrə dəfərlərlə humanitar yardım göstərməsi də danılmazdır. Məsələn, ötən illərdə Qəzzaya və 2025-ci ildə Suriyaya 200 ton humanitar yardım göndərilmişdir.

Azərbaycan ərəb təşkilatları ilə münasibətlərdə “önə çıxan aktor” olmaqdan çox, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qalmağa üstünlük verir. Məhz buna görə də Azərbaycan qeyd olunan məsələlərdə təşəbbüskar ritorikadan çox, koordinasiya olunmuş və ölçülü mövqe sərgiləyir. Xüsusilə qeyd etməyə dəyər ki, Azərbaycanın İsrail, Körfəz ölkələri, İran və ərəb dünyası ilə eyni vaxtda funksional münasibətlər qurması onu vasitəçi və etibarlı tərəfdaş kimi önə çıxarır. Lakin bu o demək deyildir ki, Azərbaycan regional münaqişələrdə emosional mövqe tutaraq və ya kimlərinsə maraqları naminə öz vətəndaşlarının təhlükəsizliyini riskə ataraq fəal tərəfə çevrilir. Cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi əsnasında bildirdiyi kimi, Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə bildirdiyi kimi, Bakı Yaxın Şərqdə prinsipial olaraq ərəb ölkələrinin məsələlərini ərəb dövlətləri tərəfindən həll edilməsini dəstəkləyir və beynəlxalq təşkilatların qəbul etdiyi çərçivələrdən kənara çıxmır. Bu, Azərbaycanın xarici siyasətinin əsas praqmatik xəttidir.



Siyasət