Əməkdaşlıq davamlı sülhə yol açır

post-img

Davos Forumu iqtisadiyyatın təşviqi baxımından unikal platformadır. Forum siyasi liderləri və iş adamlarını bir araya gətirməklə əlaqələrin dərinləşməsinə xidmət edir, inkişaf üçün körpü rolunu oynayaraq əlverişli mühit yaradır. Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri də təsadüfi deyildi. Davosda ölkə başçısının keçirdiyi məhsuldar görüşlərlə yanaşı “Euronews” televiziya kanalına verdiyi müsahibə də xüsusi əhəmiyyət kəsb etdi.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O bildirib ki, ölkəmizin başçısı müsahibəsində vacib məsələlərə toxunaraq önəmli mesajlar verdi. 

Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə əsaslanan yeni mərhələnin başlandığını və Azərbaycan–Ermənistan münasibətlərində əməkdaşlığa keçidin regionda sabitlik və qarşılıqlı fayda üçün real imkanlar yaratdığını vurğuladı. Şübhəsiz ki, dövlət başçısınım söylədiyi fikirlər Qafqazda davamlı və əbədi sülhün mümkünlüyünə dair siyasi iradəni aydın şəkildə ifadə edirdi. Azərbaycan lideri təkcə Azərbaycan–Ermənistan münasibətlərinə deyil, bütövlükdə regiondakı vəziyyətə də diqqət çəkdi. İranda baş verən qeyri-sabitlikdən narahatlıq ifadə edərək bildirdi ki, regionda sabitlik, proqnozlaşdırıla bilən mühit və sülh ən böyük sərvətdir, çünki keçmişdə işğal və müharibədən əziyyət çəkmiş ölkə üçün bu gün sülh və sabitliyin olması uğur qazanmağın yeganə yoludur. Ölkəmizin başçısı Avropa ilə münasibətlərdə prinsipial mövqeyini nümayiş etdirərək bildirdi ki, Azərbaycan əsassız ittihamlara görə Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlığı dayandırıb, yalnız Avropa Komissiyası ilə əlaqələri davam etdirir. Ümid edirik ki, Avropa Parlamentinin üzvləri ədalətli mövqe tutaraq Azərbaycanın haqlı mövqeyini nəzərə alacaqlar. 

Nəhayət, İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında adının olmasından danışaraq belə nüfuzlu mükafatı almağı böyük şərəf hesab etdi. Eyni zamanda bunu uzun illər davam edən münaqişələr və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün təmin olunmasına verdiyi töhfənin tanınması kimi qiymətləndirdi. 

Deputat yekun olaraq bildirib ki, Prezidentin ifadə etdiyi kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi, yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması və neft məhsullarının təchizatı hər iki tərəf üçün faydalıdır. Bu yanaşma həmçinin vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli və davamlı sülhün mümkünlüyünü göstərir.

Siyasət