Yanvarın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-yə verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşlər zamanı Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.
Qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb.
İqtisadi əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm sütunlarından biri olduğu qeyd edilib. Enerji, ticarət, investisiyalar, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Bu çərçivədə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu xüsusi vurğulanıb. İsrail nazirinin səfəri zamanı keçiriləcək biznes-forumun iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Humanitar sahədə əməkdaşlığın, xalqlarımız arasında tarixi bağların, Azərbaycanda çoxəsrlik yəhudi, İsraildə isə Azərbaycan icmasının əlaqələrimizin inkişafına verdiyi töhfə vurğulanıb.
Beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma gündəliyi müzakirə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı və bu prosesə əngəl törədən mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.


