“Lazaryan”ı “Lazarev” edənlərin russayağı göz yaşı

post-img

Bakı Hərbi Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qruplaşmanın rəhbərlərinə hökm oxunmasına Moskvanın reaksiyası özünü çox gözlətmədi.

Rusiyanın hakim “Vahid Rusiya” fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəvi antiazərbaycan ritorikasını işə salaraq, “Lazarev Klubu”nun İdarə Heyətinin koordinatoru, eləcə də azadlıqdan məhrum edilmiş separatçıların “hüquqlarının müdafiəçisi” qismində bəyanatı yayıb. Məhkəmədə hərbi və mülki cinayətləri tam sübuta yetirilən, şahidlərin ifadələri qarşısında törətdiyi əməlləri özləri etiraf edən separatçıların şəffaf mühakimə prosesini bütün dünya izlədi. Bunu yaxşı bilən, vaxtilə Xankəndidəki separatçı rejimin başbilənləri ilə tez-tez görüşən, “yubileylərini” təbrik edib onlarla qədəh-qədəhə vuran Zatulin müharibə canilərinin layiqli cəzalarını almalarını “repressiya” kimi qələmə verməyə çalışıb. O, bəyanatında Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin Zayed Sülh Mükafatının təqdimatı ilə Bakıda hökmün elan edilməsi arasında qəribə uyğunluq “axtarışı”na çıxıb. Bunun ardınca isə Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib, onun “aşının suyunu” verib.

Zatulinin ermənilərdən aldığı qonorardan şirniklənib, konyakından keflənib Azərbaycanın ünvanına ağzına gələni danışmasını birinci dəfə deyil müşahidə edirik. Onun “ermənidən daha artıq erməniliklə” Dumada hayların lobbiçilik etməsi də heç kəsə sirr deyil. Baxmayaraq ki, 44 günlük müharibədən sonra ermənipərəst Zatulinin Ermənistana girişinə qadağa qoyulub.

Xüsusilə son 5 ildə Dövlət Dumasının bu “dumkasız” üzvü Bakının ünvanına bəzən elə yalan və böhtanlar yağdırıb ki, hərdən kələfin ucunu itirib öz-özünü dolaşdırıb. Bu dəfə də köhnə şakərindən əl çəkməyən Zatulin çıxışını “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” kimi ittiham aktına və məhkəmə prosesinə dəxli olmayan ifadələrlə “bəzəyib”. Onun qəfildən “erməni tarixçisinə” çevrilərək, hayların uydurma dövlətlərindən bəhs etməsini, onları “Qafqazın ən qədim xalqı” adlandırmasını da görmüşük. “Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələr azərbaycanlıların nəinki bu ərazidə yaşamadığı, heç millət kimi də mövcud olmadığı dövrə aiddir” sərsəmləməsini də unutmamışıq. Bu psevdo-hüquqşünas-tarixçi Qarabağda Alban abidələrinin bərpasına qarşı çıxanda, guya, bunların erməni abidələri olduqlarını aləmə car çəkəndə aydın oldu ki, o, nəinki ermənilərin, öz tarixlərindən də bixəbərdir – Türkmənçay müqaviləsini oxumayıb. Bəlkə onun 1834-cü ildə çarın fərmanı ilə Alban abidələrinin haylara ərmağan edilməsindən də xəbəri yoxdur?

Doğrudan da, ermənidən daha çox ermənilik etməkdən yorulmayan bu başabəla deputatın hədyanlarına “it hürər, karvan keçər” deyib, cavab verməmək də olardı. Amma söhbət Azərbaycan ərazisində qeyri-qanuni rejim quran və onu yönəldən separatçılardan, əlləri soydaşlarımızın qanına bulaşmış müharibə canilərdən gedir. Digər vacib məqam: biz Bakı Hərbi Məhkəməsində məhz bu cür cinayət əməllərinə görə ittiham olunanlar barədə çıxarılan ədalətli hökmü “repressiya” kimi təsnifatlandıran Rusiya Dövlət Dumasının komitə sədrinin müavininin həddini kifayət qədər aşması faktı ilə üz-üzəyik. Axı, onu yemləyən “Lazarev klubunun” erməni sahibləri kimi, Rusiya qanunverici orqanın aşağı palatasının rəhbərliyi, eləcə də rəsmi Bakı yaxşı bilir ki, Zatulin Kremlin siyasi xorunun dəmtutanıdır. Məgər o, yalnız öz adından danışır? Deputat statusuna malik bu şəxsin dedikləri həm də Dumanın adına yazılır. Əgər onun belə bir səlahiyyət verilməyibsə, bu halda Dövlət Dumasının sədri Vyaçeslav Volodin mütləq müvafiq açılqlama-izahat yaymalıdır.

P.S. XVIII əsrdə İrandan Rusiyaya gələn, hayların bu ölkəyə köçünü təşkil etmək üçün çariça II Yekaterinanın sarayına yol tapan Lazar Nazaroviç Lazaryanın adını daşıyan, hazırda zəngin ermənilərin maliyyələşdirdiyi bu bədnam klub zatulinlərin anti-Azərbaycan tribunası rolunu oynayır.

İ.HƏSƏNQALA
XQ

Siyasət