C6: Vahid region, ortaq gələcək

post-img

Bakıda formalaşan yeni geosiyasi arxitektura

Qlobal sistemin transformasiya mərhələsinə daxil olduğu, güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi və çoxtərəfli institutların effektivliyinin sual altına düşdüyü bir şəraitdə regional platformalar strateji sabitliyin əsas dayaqlarından birinə çevrilir.

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” beynəlxalq konfransı məhz bu kontekstdə yeni regional siyasi arxitekturanın intellektual əsaslarının formalaşdırılması cəhdi kimi qiymətləndirilməlidir. Tədbirdə C6 ölkələrinin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçıların iştirakı konfransın keyfiyyətini və təsirini daha da gücləndirdi.

C6 formatının meydana çıxması dəyişən geosiyasi reallıqların məhsuludur. Son illərdə həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda müşahidə olunan dinamika göstərir ki, region dövlətləri artıq təhlükəsizlik və inkişaf məsələlərini yalnız kənar güclərin prizmasından deyil, öz aralarında koordinasiya yolu ilə həll etməyə daha çox meyil göstərirlər. C6 daha çox ortaq maraqların uzlaşdırılması, strateji mövqelərin koordinasiyası və regional gündəliyin formalaşdırılması üçün nəzərdə tutulmuş mexanizmdir. Belə bir model xüsusilə böyük güclər arasında rəqabətin artdığı, qlobal sistemin parçalanma meyillərinin gücləndiyi bir mərhələdə region dövlətləri üçün optimal seçim sayılır.

Bakıda keçirilən konfransın açılışında ekspert icmasının rolunun xüsusi vurğulanması isə C6-nın intellektual-siyasi platforma kimi nəzərdə tutulduğunu göstərir. Müasir mərhələdə davamlı regional əməkdaşlıq üçün analitik əsaslandırma, konseptual çərçivə və uzunmüddətli strateji baxış tələb olunur. Beyin mərkəzlərinin, strateji araşdırma institutlarının və müstəqil ekspert şəbəkələrinin prosesə cəlb edilməsi bu baxımdan yeni mərhələnin əlamətidir.

XXI əsrin regional inteqrasiyaları funksional əməkdaşlıq mexanizmlərinə əsaslanır. Əvvəlcə dialoq və məsləhətləşmə formalaşır, sonra isə bu dialoq konkret sektorlar üzrə daimi mexanizmlərə çevrilir. “Yumşaq institusionallaşma” çərçivəsində hüquqi baxımdan sərt çərçivələr yaradılmadan, davamlı əlaqələndirmə mexanizmləri formalaşdırılır. Ekspert platformaları, sektorlar üzrə işçi qruplar, koordinasiya edilmiş mövqelər və mütəmadi siyasi dialoq belə bir institusionallaşmanın elementləridir.

* * *

Konfrans çərçivəsində birinci paneldə müzakirəyə çıxarılan əsas məsələ C6-nın gələcək siyasi taleyi ilə birbaşa bağlı idi. “C6 formal institutlara ehtiyac duyurmu?” sualı regional arxitekturanın hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edən strateji seçimdir. Hazırkı mərhələdə C6 çevik və qeyri-formal mexanizm kimi üstünlüklərə malikdir. Sərt hüquqi öhdəliklərin olmaması dövlətlərə öz çoxvektorlu xarici siyasətlərini qorumağa imkan verir. Xüsusilə Rusiya, Çin, Qərb və Türkiyə kimi aktorların regiona marağının artdığı bir dövrdə formal bloklaşmadan uzaq durmaq strateji balans üçün vacibdir. Əslində C6 çərçivəsində artıq müəyyən mexanizmlər formalaşıb. Dövlət başçıları səviyyəsində məşvərət görüşləri siyasi istiqaməti müəyyənləşdirir. Ekspert şəbəkələri bu siyasi iradəni analitik əsaslandırma ilə təmin edir. İqtisadi və nəqliyyat platformaları isə praktiki əməkdaşlıq üçün konkret sahələr yaradır.

Əsas strateji sual koordinasiyanın regional sərhədləri aşaraq beynəlxalq platformalara daşınıb-daşınmayacağıdır. Əgər C6 ölkələri BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər çoxtərəfli strukturlarda müəyyən məsələlər üzrə ortaq mövqe nümayiş etdirə bilsələr, bu, formatın keyfiyyətcə yeni mərhələyə keçidi demək olacaq. Belə bir sinxronizasiya regional subyektivliyin güclənməsi anlamına gəlir. Çünki beynəlxalq münasibətlər sistemində aktor olmaq üçün ortaq mövqe, koordinasiya edilmiş diplomatiya və kollektiv davranış tələb olunur.

İkinci panel zahirən iqtisadi məsələlərə həsr olunsa da, mahiyyət etibarilə C6-nın geoiqtisadi strategiyası üzərində quruldu. Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əlaqəlilik siyasi təsir, strateji sabitlik və regional subyektivlik alətinə çevrilib.

Trans-Xəzər və Orta Dəhliz ətrafında aparılan müzakirələrin “əməkdaşlıq, yoxsa rəqabət?” sualı ilə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Region daxilində paralel marşrutların mövcudluğu ilk baxışda rəqabət elementləri yarada bilər. Lakin koordinasiya və funksional bölgü həyata keçirilərsə, bu marşrutlar bir-birini tamamlayan elementlərə çevrilə bilər. Bakı Xəzər hövzəsinin qərb sahilində yerləşən logistika və enerji qovşağı kimi Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında strateji körpü rolunu oynayır. Qeyd etməliyik ki, Azərbaycanın təşəbbüskarlığı olmadan Trans-Xəzər marşrutunun effektiv işləməsi çətin olardı. Eyni zamanda, Bakı üçün bu proses regional liderlik ambisiyalarının iqtisadi əsasla möhkəmləndirilməsi deməkdir.

Üçüncü panel C6 gündəliyinin ən mürəkkəb və siyasi baxımdan ən həssas istiqamətini önə çıxarırdı. Əgər iqtisadi əməkdaşlıq qarşılıqlı fayda üzərində qurulursa, təhlükəsizlik məsələləri isə qarşılıqlı etimad və strateji hesablama tələb edir. Qlobal sistemdə parçalanma meyillərinin artdığı, regional münaqişələrin dərinləşdiyi və böyük güclər arasında rəqabətin sərtləşdiyi bir mərhələdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik arxitekturasını yenidən düşünməsi qaçılmazdır.

Region eyni vaxtda bir neçə təhdid spektri ilə üz-üzədir. Sərhəd problemləri və tarixi mübahisələr hələ də tam aradan qalxmayıb. Radikalizm və terrorizm riski xüsusilə Əfqanıstan faktorunun yaratdığı qeyri-müəyyənlik fonunda aktuallığını qoruyur. Enerji infrastrukturu və nəqliyyat marşrutları isə geosiyasi rəqabətin potensial hədəfinə çevrilə bilər. Bütün bunların fonunda böyük güclərin regionda təsir uğrunda mübarizəsi əlavə risk qatmanı yaradır.

Region ölkələri sərt hərbi ittifaqlara qoşulmadan təhlükəsizlik sahəsində koordinasiya imkanlarını genişləndirməyə çalışırlar. C6 ölkələri Rusiya ilə tarixi və təhlükəsizlik əlaqələrini saxlayır, Çinlə iqtisadi əməkdaşlığı genişləndirir, Türkiyə ilə mədəni və strateji bağları gücləndirir, eyni zamanda, Qərb institutları ilə tərəfdaşlığı davam etdirir. Əgər region vahid platforma daxilində koordinasiya edə bilsə, xarici aktorlarla münasibətlərdə daha güclü danışıqlar mövqeyi formalaşdıra bilər.

Azərbaycanın C6 çərçivəsində iştirakı təhlükəsizlik baxımından yeni regional konfiqurasiya yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya indiyə qədər əsasən ayrı geosiyasi məkanlar kimi qiymətləndirilirdi. Bakı isə bu iki məkanı birləşdirən təhlükəsizlik və nəqliyyat xəttinin mərkəzində dayanır. Azərbaycanın postmüharibə mərhələsində artan hərbi-siyasi çəkisi və enerji infrastrukturu üzərində nəzarəti onu regionlararası koordinasiyada mühüm aktora çevirir.

Əgər ortaq təhdidlər üzrə məlumat mübadiləsi, sərhəd təhlükəsizliyi üzrə əməkdaşlıq və enerji marşrutlarının qorunması istiqamətində mexanizmlər formalaşarsa, bu, regionun öz təhlükəsizlik arxitekturasını tədricən daxildən qurması demək olacaq. Postmüharibə mərhələsində Azərbaycanın suverenlik diskursu daha aydın və prinsipial xarakter alıb. Dövlət öz ərazi bütövlüyünü təmin etdikdən sonra regional siyasətdə də daha sərbəst və inamlı mövqe nümayiş etdirir.

“Vahid region, ortaq gələcək” şüarının real siyasi strategiyaya çevrilməsi mümkündür və Bakı konfransı məhz bu transformasiyanın ilkin konturlarını nümayiş etdirdi. Konfrans çərçivəsində aparılan müzakirələr göstərdi ki, bu transformasiya üç əsas istiqamətdə həyata keçirilə bilər: minimal institusional baza və davamlı mexanizmlərin yaradılması, iqtisadi və tranzit layihələrinin siyasi koordinasiya ilə sinxronlaşdırılması və təhlükəsizlik sahəsində bloklaşmadan strateji əməkdaşlıq. Hər üç istiqamət birlikdə C6-nın dialoq mərhələsindən konkret fəaliyyət və təsir mexanizminə keçidini təmin edə bilər.

Son olaraq qeyd edək ki, əgər bu proses davamlı mexanizmlərlə, iqtisadi layihələrin koordinasiyası və təhlükəsizlik sinxronizasiyası ilə dəstəklənərsə, C6 tədricən Avrasiya məkanında yeni regional güc mərkəzinin həm intellektual, həm də siyasi bazasını formalaşdıracaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət