1992-ci ilin fevralında Xocalı şəhərində baş verən hadisələr Azərbaycan tarixində ən ağır faciələrdən biridir. Ermənistan silahlı qüvvələri keçmiş Sovet Ordusunun dəstəyi ilə şəhəri hücuma məruz qoyaraq mülki əhaliyə qarşı məqsədli və sistemli zorakılıq göstərdi. Ulu öndər Heydər Əliyevin siyasi səhnədə olmamasının nəticəsi kimi Azərbaycan taleyinin ən məşəqqətli faciələrindən birini yaşadı. Sirr deyil ki, həmin dövrdə ölkədə siyasi hakimiyyətin zəifliyi, idarəetmədə təcrübəsizlik və daxili qeyri-sabitlik təhlükəsizlik sisteminin iflic vəziyyətinə düşməsinə səbəb olmuşdu. Bu isə münaqişə zonasındakı mülki əhalinin müdafiəsini faktiki olaraq mümkünsüz etmişdi. Xocalıya qarşı həyata keçirilən hücum hərbi əməliyyatdan daha çox strateji və psixoloji təsir məqsədi daşıyan terror akt idi. Çünki şəhərin coğrafi mövqeyi və Qarabağ bölgəsindəki strateji əhəmiyyəti onun hədəf seçilməsində mühüm rol oynayırdı. Mülki əhalinin şəhəri tərk etməsi zamanı atəşə tutulması, əsir götürülməsi və qeyri-insani rəftara məruz qalması beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin pozulduğunun nümayişi, bu soyqırımı aktı isə xalqımıza qarşı etnik təmizləmə siyasətinin davamı idi. Rəsmi məlumatlara əsasən yüzlərlə insan həyatını itirdi, minlərlə soydaşımız yaralandı, əsir düşdü, onlarla ailə tamamilə məhv oldu. Xocalı şəhərinin infrastrukturunun dağıdılması isə bölgənin sosial-iqtisadi inkişafına ciddi zərbə vurdu.
Xocalının müdafiəsini təşkil edə bilməyən həmin dövrün iqtidarının səriştəsizliyi nəticəsində şəhər faktiki olaraq müdafiəsiz qaldı və qanlı hücumun qarşısını almaq mümkün olmadı. Dövlət idarəçiliyindəki boşluq, hərbi-strateji koordinasiyanın zəifliyi və operativ qərarvermə mexanizmlərinin formalaşmaması faciənin miqyasını daha da ağırlaşdırdı. Təəssüf ki, faciə barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və baş verənlərə hüquqi qiymət verilməsi istiqamətində də heç bir cəhd göstərilmədi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı hadisələrinə dövlət səviyyəsində hüquqi və siyasi qiymət verilməsi istiqamətində sistemli siyasət formalaşdı. Faciə beynəlxalq hüquq və ədalət müstəvisində təqdim edilməyə başlanıldı. Bu mərhələdə məqsəd təkcə anım tədbirləri keçirmək deyil, həm də hadisənin soyqırımı kimi tanınmasına nail olmaq, məsul şəxslərin hüquqi müstəvidə cavabdehliyini gündəmə gətirmək idi. Diplomatik kanallar vasitəsilə aparılan iş, beynəlxalq təşkilatlarda qaldırılan məsələlər və diaspor fəaliyyətinin gücləndirilməsi Xocalının beynəlxalq müzakirə predmetinə çevrilməsinə şərait yaratdı.
Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası olduqca effektli alındı. Onun Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət geniş rezonans doğurdu. Bu fəaliyyət nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları Xocalı hadisələri ilə bağlı qətnamə və bəyanatlar qəbul etdi, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olundu.
Amma xalqımız Xocalı faciəsini heç zaman unutmadı və əmin idik ki, biz bir gün bu torpaqlara qayıdacağıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir gün davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra işğal altında olan bütün torpaqlar, o cümlədən Xocalı işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusu işğalçı ölkədən fərqli olaraq mülki əhalini hədəf seçmədi. Bu gün üçrəngli bayrağımız azad Qarabağda, Xocalıda dalğalanır. Bu, xalqımızın yaşadığı faciənin qisasının alındığının və tarixi ədalətin bərpa olunduğunun təsdiqidir. Bu gün Xocalıda həyat yenidən nəfəs alır. İllərin həsrətindən sonra bu torpaqların əzəli sakinləri doğma yurdlarında inamla və qürurla yaşayırlar. Onların qəlbində möhkəm bir əminlik var ki, bir daha heç bir yad ayaq bu torpaqlara toxuna bilməyəcək. Çünki arxalarında güclü, qüdrətli Azərbaycan dövləti və qətiyyətli lider dayanır.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

