Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək

post-img

Aprelin 28-də Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş "Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiyasının simvolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə  Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb.

O, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150 elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi ilə Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib. Onun adı bu sahədə yetişmiş bir çox yüksək ixtisaslı mütəxəssisin formalaşmasında xüsusi hörmətlə çəkilir.

Ənənəvi xarakter daşıyan həmin konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda gələcək hədəflərin müəyyən edilməsidir.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaqlar. Həmçinin konfransda Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən də tanınmış mütəxəssislər iştirak edəcək, təqdimat və çıxışlarla təcrübələrini bölüşəcəklər.

Konfransı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov açıq elan edəcək.

Eyni zamanda, Türk Cümhuriyyətləri Oftalmoloji dərnəyinin fəxri pezidenti Sunay Dumanın “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru, dosent Hicran Namazovanın “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı”, Türk Oftalmoloji dərnəyinin rəhbəri professor Hüban Atillanın isə “Ambliopiya: yeni müalicə üsulları” mövzularında məruzələri dinləniləcək.

Konfransda “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, “Paul qlaukoma implantı, qısamüddətli nəticələr”, “SMILE PRO - lazer görmə korreksiyasının innovativ üsulu”, “Azərbaycanın regionlarında uveitin epidemiologiyasının təzahürləri”, “Tor qişanın vitreoretinal cərrahiyyəsi: qeyri-standart hallar”, “Oftalmoloji yardımın III etapında göz travmatizmi ilə bağlı təcili və təxirəsalınmaz müraciətlərin regional xüsusiyyətləri” və s. mövzular həm nəzəri biliklərin, həm də praktik təcrübənin təqdim olunmasına imkan verəcək. Elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına zəmin yaradacaq.

Sosial həyat