GƏNCƏ: uşaqların bayramı al-əlvan rəngə boyandı…

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş təhsil sərgisi keçirilib.

Heydər Əliyev Park-Xiyaban Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinləri ilə birgə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra rəsmilər ümumtəhsil müəssisələrinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri tərəfindən hazırlanmış əl işləri və rəsmlərlə tanış olublar. Bununla yanaşı, sərgidə "Peşə təmayüllü siniflər" və STEAM layihəsinin tətbiq olunduğu ümumtəhsil müəssisələrinin təqdimatları nümayiş etdirilib. Həmçinin, istedadlı idmançılar tərəfindən müxtəlif idman növü üzrə çıxışlar da nümayiş olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən regional təhsil idarəsinin müdiri Elçin Kərimov şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsildə uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində məktəbəqədər və ümumtəhsil müəssisələrinin istedadlı şagirdlərinin çıxışları maraqla izlənilib. Sənan Cavadovun rəhbərlik etdiyi "Xəmsə" Rəqs Ansamblının təqdimatı da yadda qalan olub.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri













Sosial həyat