Hər çiyələk adına satılana çiyələk demirəm. Bunun səbəbini bilmək çətin deyil. Kəndimizin çöllərində bitən çiyələyin dadını bilsəydiniz, siz də belə düşünərdiniz. Biçənəklərdə bitən çöl çiyələyini yeyəndə birbaşa qana işləyir. Dadından və ətrindən doymaq olmur. Biçənəkdə bitən çiyələklər baharda göz açan körpələr kimidir. Nəfəsi süd qoxuyan, çiyələk gözlü körpələr...
İndi süni surətdə yetişdirilən çiyələklərdə təb dəyişib, dad dəyişib, hətta ad dəyişib. Biz kənddə gözümüzü dünyaya açıb, çiyələyi tanıyandan adına “çiyələm” demişik. İndi adı da haldan-hala düşüb, dadı da... Adamın ağlına min cür güman gəlir. Şəhərdə satılan, GMO ilkinliyi dəyişdirilmiş çiyələkləri yeyəndə damaq dadına yad gəlir, yaman gəlir. Bundan beləsi necə olacaq, Allah bilir.
Yaxşı yadımdadır, çiyələk mövsümündə çöllərdə sirli səssizlik hökm sürürdü. Əmimoğlu, həm də uşaqlıq dostum Qara ilə birlikdə, dan ulduzu doğan kimi atlanıb çöllərə üz tuturduq. Bu da bizim ellər, bizim çöllər. Bu da həmin sıx ormanlar, həmin günlü güneylər. Nə gözəlsən, ey Vətən!!!
Dolama araba yolları gedirdi, biz gedirdik. Dərə-təpə düz gedirdik. Yolumuz yastı təpələr arasından çıxıb, güneyli, quzeyli talalara çıxırdı. Sıx ormanların içindən keçib, dağların döşü ilə yuxarı dırmaşırdıq. Dağ döşündəki atişləməz biçənəklərə çatanda elə bilirdik dünya da, dünyanın bəxtiyarlığı da bizimdir.
O günlər ömrümüzün ən xoşbəxt günləri idi. May günəşinin şüası çölləri işıqlandıranda atyarmaz biçənəklərə çatardıq. Biçənəklər çiyələk ətrinə bələnmiş, çiyələk rənginə boyanmışdı.
O biçənəklərə qoruq deyirdik. Çalı-çəpəri tikanlı moruq kollarından çəpərlənmiş, qoynu gülüstan qoruqlar. O çağlarda könlümüzdəki nə qəm-qüssə, nə də qübar idi. Ağlımızdakı, fikrimizdəki çiyələklər ən şirin nübar idi. Həmin biçənəklərin qırağına çəpər çəkirdilər ki, kənar müdaxilələr olmasın. Həmin qoruqlarda çiyələkləri elə bil, hansısa əl çəpər boyu səpmişdi. Amma orada heç bir bəni insan zəhməti yox idi. Həmin o çiyələkləri ana təbiət özü sulamış, özü otlaqlarda, biçənəklərdə yetirmişdi.
O allı-güllü biçənəklərin, o xallı kəpənəklərin xalları fikrimdə dən-dən qalıb. Təbiətin töhfəsi, Tanrının əmanəti nə gözəl olurmuş. Baxanda deyirdin ana təbiət biçənəklərə çiyələkdən inci düzüb, gövhər düzüb, zər düzüb. Yaz günəşi nə düzübsə, təmiz düzüb, təzi-tər düzüb.
Bir zamanlar ayağımız bir dəfə dəyən o yerlərə gedə bilsəydim, indi torpağına yüz kərə üz qoyardım. Ayrılığın, həsrətin acığına sevinmək necə bir duyğudur, necə bir sirdir, bilsəniz... Şirin xatirələrlə yadda qalan ömür də şirindir, çiyələk kimi:
“İncimə könlümün şikayətindən,
Könlüm bir kamandı, dinib gedəcək.
Qəmin zirvəsinə yetdisə hər kim,
Ömrün qürubuna enib gedəcək... “
Ürəyin ən şirin yükü uşaqlıq xatirələridir. Bu xatirələrdən söz açanda uşaq şeirlərini əzbərləmək kimi gəlir yadıma. Yalnız yuxularda qovuşduğum əlçatmaz, ünyetməz uşaqlıq illəri, hardasan?! Sevincimizin sərhədi yoxuydu, gördüklərimiz sanki yuxuydu. Heç ağlımıza da gəlməzdi ki, çiyələkdən dəstə düzəldib bir qom bənövşə kimi bağışladığımız yaşıdımız qızlar bir gün ağbirçək nənə olacaq. Hardan biləydik ki, o illərdən əbədi ayrılacağıq. Gül-çiçəkli çəmənliklərdə çiyələk dalınca xallı kəpənəklər kimi uçurduq.
Yaz günəşinin şəfəqlərilə çiyələklər saplağındaca ballanırdı. Yaşıdımız qızların yanaqları, söz soruşanda çiyələk kimi allanırdı. Qızlar bir-birinin üzünə baxıb, bizdən üz döndərəndə ürəyimiz xallanırdı. Çiçək təravətli, arzu-istəkli, xoş diləkli çiyələkli günlərimiz yaşıdımız qızların ismətli ürəklərində getdi. O çağlarda, o ürəklərə ürəyimi qurban demişdim. Heyif, o zərif ürəklərə heyif!... Bilsəydik, kənar qoymazdıq gözümüzdən gül gözəlləri. Amma nə qəm, əllərimiz bir-birindən üzülsə də, gözümüz gözlərindən uzaq olsa da, ürəklərimiz üzülmədi, xatirə saxlancında qaldı. Çiyələk mövsümü kimi.
Həzi HƏSƏNLİ,
şair-publisist