Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Cenevrədə bir sıra görüşlər keçirib

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası çərçivəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti bürosunun (ACTRAV) direktoru Maria Helena Andre ilə görüşlər keçirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlər, işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

Bildirilib ki, fəaliyyətini müasir çağırışlar, trendlər əsasında quran Konfederasiya tərəfindən hərtərəfli islahatlar aparılır, yeniliklər tətbiq olunur, layihələr icra edilir.

“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”na dair Azərbaycanla BƏT arasında tərəfdaşlıqdan bəhs edən Konfederasiya sədri sosial dialoq, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təşviqi və dayanıqlı iqtisadiyyata ədalətli keçidin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Görüşlərdə BHİK və BƏT-lə əlaqələrin, hər iki beynəlxalq təşkilatın bəyannamələrinin, qərarlarının, eləcə də tövsiyələrinin həmkarlar ittifaqları üçün önəmi qeyd edilib.

BHİK-in baş katibi Luk Trianql və BƏT-ACTRAV-nin direktoru Maria Helena Andre Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini, aparılan islahatları yüksək qiymətləndirib, münasibətlərin səviyyəsindən razılıqlarını bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşlərdə “yaşıl iqtisadiyyata” keçiddə ədalət prinsipinin qorunmasından bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb.

Həmçinin görüşlərdə əməyin təhlükəsizliyi, qeyri-leqal iş yerləri ilə mübarizə, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması, eləcə də qarşılıqlı dəstək və birgə layihələr barədə müzakirələr aparılıb. 

Sosial həyat