Anar Eyvaz oğlu Cəfərov 1977-ci il dekabrın 19-da Ağcabədi şəhərində dünyaya göz açıb. 12 saylı tam orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra sürücülük edib. Eyni zamanda, şəxsi təsərrüfatla məşğul olub.
Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əvvəlcə müddətli, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Xüsusi hərbi kurs bitirərək “Həmlə” taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində və Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissələrdə minaatan kimi fəaliyyət göstərib.
O, 2020-ci il oktyabrın 3-də Tərtər rayonu – Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyü və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Anar Cəfərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Samirə Xudiyeva söyləyir:
– Anar bir gün gəldi ki, hərbi işə gedəcəyəm. Torpağımı qorumaq bir vətəndaş kimi mənim də borcumdur. Elə həmin vaxtdan Anar hərbçi oldu. Xidmətindən 3 il keçdi. Soruşdum ki, yenə müqavilə bağlaycaqsan? Bir də gördüm müqavilə kağızının şəklini atdı mənə ki, artıq 5 illk yenidən müqavilə bağlamışam. O bilirdi ki, bu münaqişənin sonu müharibədir...
2020-ci il hələ müharibə başlamamışdı, sentyabrın 21-dən Anargil təlimlər keçirdi. 25-i idi, getməmişdən bir gün qabaq mənə dedi ki, Samirə, gəl, qapını, evləri təmizləyək... Sentyabrın 24-ü saat 4-də Anar evdən çıxdı. Bizimlə həmişə görüşən Anar həmin gün üçümüzə də baxmadan getdi. 26-sı gecəsi dedim gələcəksən evə? Dedi ki, silahları təhvil versəm, gələcəyəm. Ancaq gəlmədi, elə axırıncı görüşümüz də o oldu...
Anar ailəsi ilə hər gün telefonla danışırdı. Son danışığı isə 2 oktyabr, saat 11-də oldu. İşlərinin yaxşı olduğunu söyləyir, qələbə bizimdir, narahat olmayın, deyirdi.
…Oktyabrın 3-də onun zəngini gözləyirdim, amma ondan xəbər yox idi. Anarın əmisi gəlini Günelə dedim ki, çox güman Anar şəhid oldu, mənə zəng eləmədi... Elə bu an Anarın qardaşı İftixar mənə zəng etdi ki, bacı, evdəsən? Dedim ki, nə olub? Mənə dedi ki, heç nə olmayıb qayıdıram sizə, işim var. Ondan sonra elə qışqırdım ki, qonum–qonşu burdaydı.
Ürəyimə damdı ki, Anara nəsə olub. Anarı Ağcabədi xəstəxanasına yeləşdirmişdilər. 4-ü günü səhər saat 10-da gətirdilər. Balalarımı çağırıb dedim ki, sizin atanız qəhrəmandır, atanız şəhid olub. Xocalıda öldürülən siz boyda uşaqların intiqamı illər keçsə də alınıb. Ağlamayın, sizin atanız şəhiddir, o əbədi yaşayır, ölməyib!
Mənim övladlarım bu gün atasız qalsalar belə, mən ailəmlə fəxr edirəm! Mənə bayraq veriləndə sevə-sevə öpdüm. Gələcəyin iki əsgəri mənim evimdədir. Allah şəhidlərimizə rəhmət eləsin!”
M.MİRZƏ
XQ