Çağdaş qəhrəmanlıq salnamələri

post-img

Yazıçı-publisist Emin Baratoğlunun “Vasifsiz keçən günlər”, “Könüllərdə qaldı İlqar” və “Vətən sevdalı qartallar” adlı kitabları onun Böyük Zəfərimizin 5 illiyinə layiqli töhfəsidir.

“Füyuzat” nəşriyyatında çap olunmuş bu kitablarda igid Vətən oğulları – Qəbələnin ilk şəhidi Vasif Süleymanovla əslən Qərbi Azərbaycandan olan İlqar Ramazanlının döyüş yolundan ətraflı bəhs edilib, eyni zamanda, müəllifin Qarabağ uğrunda canlarını qurban verərək əbədiyyətə qovuşmuş Azərbaycan igidlərinə həsr olunmuş şeirləri təqdim olunub.

Vasifin haqqındakı kitab Emin Baratoğlunun və Eldar Quliyevin həmmüəllifliyi ilə qələmə alınıb. Vətən müharibəsi başlananda əsgərlikdə Bum kəndinin yetirməsi Vasif Süleymanov mərdliklə döyüşlərə atılıb və xüsusi təyinatlılar bölməsində düşmənə qarşı mübarizə aparıb. Son döyüşü Füzuli istiqamətində olub. Vasif oktyabrın 6-da ali məqama ucalıb.

Emin Baratoğlu “Könüllərdə qaldı İlqar” kitabında Nəsimi rayonundakı 159 nömrəli məktəbin məzunu olan İlqar Ramazanlının könüllü olaraq cəbhəyə yollanmasını, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə fərqlənməsini, noyabrın 3-də Qırmızı-bazarda şəhadətə yüksəlməsini bədii boyalarla qələmə alıb. Topluda həmçinin Əmirxan Burzuyevin, Yusif Rzanın, Mirhəsən Ağayevin və Fəxrəddin Bababəylinin İlqara həsr etdikləri şeirlər yer alıb.

“Vətən sevdalı qartallar” kitabında müəlifin Vətən igidlərinə həsr olunmuş şeirlərindən nümunələr toplanıb.

Qorudun millətin qeyrət-namusun,
Düşmənin arzusu qaldı gözündə.
Üçrəngli bayrağa bürünən andan,
Tarixə çevrildin xalqın gözündə!

XQ

Sosial həyat