İrəvan Azərbaycan Teatrı yeni binada

post-img

Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Əvvəlcə teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və Milli Məclisin deputatları binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi Zivər Abbasova bildirilib ki, 3000 kvadratmetrlik teatr binası yenidənqurma layihəsi çərçivəsində tam müasir standartlara uyğunlaşdırılıb.

Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, bu teatr təkcə yaradıcı kollektivin fəaliyyəti üçün məkan deyil, eyni zamanda, Azərbaycan teatr ənənəsini, Qərbi Azərbaycan yaddaşını və mədəni irsimizi yaşadan rəmzi bir ünvandır.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayıl yaradılan şəraiti Azərbaycan teatrının tarixi ənənələrinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib. Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı onlar üçün sıradan bir sənət ocağı deyil, 1882-ci ildə yaranan bu sənət ocağı Qərbi Azərbaycandan olan soydaşlarımızın üzləşdiyi tarixi sınaqların canlı yaddaşıdır.

Çıxışlarda, həmçinin binada yaradılan şəraitə və mədəniyyətimizin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

XQ

Sosial həyat