İsmayıllı torpağının min bir bərəkəti

post-img

Qar bərəkət gətirər, deyirlər. İsmayıllıya yağan qar da bu yerlərə nəinki bərəkət, sevinc, xoş əhvali-ruhiyyə də gətirib. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yahyayevlə söhbətə də barlı-bərəkətli İsmayıllının bu günündən başladıq. O, iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı məhsulları istehsalını xüsusi vurğuladı. Bildirdi ki, kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən: bitkiçilik sahəsi taxılçılıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, yem bitkiləri istehsalı sahələrindən, heyvandarlıq sahəsi isə maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq sahələrindən təşkil olunub.

Öyrənirəm ki, 2026-cı ilin məhsulu üçün 2025-ci ilin payızında 31 min 598 hektarda payızlıq şum çıxarılıb, 18 min 726 hektarda buğda, 11 min 35 hektarda isə dən üçün arpa olmaqla 29 min 761 hektar sahədə payızlıq taxıl səpini aparılıb.

Səpin zamanı yüksəkreproduksiyalı və rayonlaşdırılmış toxum sortlarından istifadə edilməklə 3 min 925 ton buğda, 1687 ton arpa toxumu və səpinlə birlikdə 2,2 min tona yaxın şumaltı mineral gübrələr tətbiq edilib.

Hesabat dövründə kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülüb və 720 kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib.

İl ərzində Aqrar Xidmətlər Agentliyin müvafiq laboratoriyası tərəfindən 273 hüquqi və fiziki şəxslərə məxsus 6399 hektar torpaq sahəsindən 1768 torpaq nümunəsi götürülərək aqrokimyəvi analiz üçün laboratoriyaya göndərilib.

Yazlıq bitkilər əkən fermerin müvafiq sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilib, sənədlərə dair məlumatlar yoxlanılaraq subsidiya ödənilməsi üçün təsdiq olunub. Subsidiya ödənişi ilə bağlı 392 fermerin 722 hektar payızlıq, 85 fermerin isə 950 hektar yazlıq əkinləri monitorinq olub. Monitorinqlərin nəticələri diqqətlə nəzərdən keçirilib. Bu barədə fermerlərə ətraflı məlumat verilib. Nəticədə, 7800 hektar sahədə kimyəvi mübarizə işləri həyata keçirilib. 27850 hektar əkin sahəsinə yemləmə gübrəsi verilib, 25400 hektar sahədə isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Salamat qalmış 20120 hektar buğda sahəsinin hər hektarından orta hesabla 31.2 sentner olmaqla 62 min 775 ton buğda məhsulu, dən üçün biçilən 9 min 840 hektar sahənin hər hektarından 30 sentner olmaqla 29 min 520 ton arpa məhsulu əldə olunub. Məhsuldarlıq ötən illə müqayisədə 0,2 sentner artıqdır.

Rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarına məxsus 388 hektar əkin sahəsində aprobasiya işləri aparılıb, bundan 133.5 hektar sahənin toxumluğa yaramadığı aşkar olunaraq çıxdaş edilib.

Hazırda 2026-cı ilin məhsulu üçün subsidiya ödənişi ilə əlaqədar fermerlərdən bəyan qəbuluna başlanmışdır və müvəffəqiyyətlə davam etdirilir. Hazıradək 5600 fermerin 24 min hektar torpaqda aparılmış əkinlərə aid 14 min əkin bəyanı qəbul edilib EKTİS-ə işlənmişdir. Əkin bəyanlarının qəbulu başa çatmışdır.

Keçən il 1141 hektar sahədə kartof və tərəvəz əkilmişdir. İl ərzində 5022 ton tərəvəz, 9045 ton kartof məhsulu istehsal olunub, məhsul yığımı uğurla başa çatıb. 961 hektar üzüm bağından 2612 ton məhsul götürülüb. 3952 hektar meyvə bağından isə 10160 ton meyvə istehsal olunub ki, bu da keçən ildəkindən 195 ton çoxdur.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində hesabat dövründə 5493 baş iribuynuzlu heyvanda süni mayalanma aparılmış və 2489 baş sağlam cins buzov alınmışdır. Alınmış cins buzova görə fermerə subsidiya ödənilməsi üçün müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir.

2025-ci il ərzində rayonda 5 min 468 ton diri çəkidə ət, 36 min 728 ton süd, 10 min 723 min ədəd yumurta, 303 ton yun, 184 kiloqram barama, 101 ton bal istehsal olunub.

Sevindirici haldır ki, mövcud 961.1 hektar üzüm, 3 min 959 hektar meyvə və giləmeyvə bağlarında artıq quru budama və bağlama, eləcə də digər aqrotexniki tədbirlər vaxtında və düzgün aparılıb. Rayonda ənənəvi istehsal sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafı da daim diqqət mərkəzində saxlanıb. Yeni intensiv meyvə bağlarının salınması da diqqət mərkəzindədir və bununla əlaqədar mütəxəssislər ərazilərdə olub, bağın salınması və gələcəkdə onlara qulluq qaydaları ilə bağlı fermerlərə müvafiq tövsiyələr veriblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
İsmayıllı rayonu



Sosial həyat