Əsarətin son gecəsi

post-img

Yanvarın 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının qan yaddaşı – 20 Yanvar faciəsinə həsr olunmuş elmi sessiya keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov “Rəşadətin şəhidlik zirvəsi” adlı məruzə ilə sessiyanı açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc insanlara atılan güllələr xalqın azadlıq eşqini söndürmək, vüqarını sındırmaq cəhdləri idi. Akademik vurğulayıb ki, bütün o zamankı sovet respublikalarında olduğu kimi, Azərbaycanda da xalq hərəkatı başlanmışdı. 1980-ci illərin sonu, 1990-cı illərin başlanğıcında Azərbaycan xalqı “Azadlıq” meydanına axın edirdi. Natiq qeyd edib ki, “Azadlıq” meydanında yaranmış insan selinin şəkli bütün dünyaya yayılmış və Azərbaycan xalqı “ilin xalqı” adını almışdı.

Bildirilib ki, tariximizdə 1918-ci ilin Mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi bir neçə hüzn günləri yer alsa da, bu gün artıq bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, müstəqil Azərbaycan artıq zəfər qazanmış dövlətdir. Elə zəfər ki, onun mühafizəsi də təmin olunub. Bu isə dövlətin güclü və ağıllı siyasətinin nəticəsidir.

Rafael Hüseynov 20 Yanvar faciəsi günlərində meydanlarda olub xalqın haqq səsinin tərcümanına çevrilmiş ziyalılarımızın da yaradıcılığına toxunaraq Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və digər ədiblərin mübarizəsini də diqqətə çatdırıb.

Daha sonra muzeyin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli çıxış edərək qanlı Yanvar hadisəsinin Moskvadakı o zamankı Azərbaycan Daimi Nümayəndəliyində necə əks-səda doğurmasından bəhs edib.

Sessiyada muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri baş verdiyi ilk günlərdən etibarən Azərbaycan ədəbiyyatında güclü rezonans doğurmuş, poeziyada, publisistik nəsrlərdə, memuar və esse janrlarında geniş şəkildə əksini tapmışdır.

Muzeyin beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq bildirib ki, məhz Ümummilli lider Heydər Əliyevin xalqa xüsusi müraciətindən sonra dünya azərbaycanlıları Bakıda 20 yanvarda törədilən faciədən xəbər tutmuş, Azərbaycan xalqına mənəvi dəstək göstərmək üçün kütləvi informasiya vasitələrində aramsız etiraz məktubları, məqalə və digər yazılarla çıxışlar etmişlər.

Ə.QABİL
XQ

Sosial həyat