Azərbaycanın Pakistandakı səfirliyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutunun birgə təşkilatçılığı ilə Pakistan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan “Azərbaycan-Pakistan Qardaşlığı: "Hüzn Günü" və Qara Yanvar şəhidlərinin anım günü” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə diplomatlar, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbərləri, alimlər, ictimaiyyət və media nümayəndələri iştirak etib.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Qurani-Kərim”dən dualar oxunub, 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.
Səfir diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara divan tutuldu.
X. Fərhado, həmçinin ifadə edib ki, dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 36-cı ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza can sağlığı arzu edirik.
İki ölkə arasındakı mövcud qardaşlıq əlaqələrindən bəhs edən səfir həmçinin qeyd edib ki, Ermənistanın torpaqlarımızın işğalı və Vətən Müharibəsi zamanı, eləcədə sonrakı dövrlərdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə Pakistan tərəfindən nümayiş etdirilən prinsipial mövqe və ölkəmizə göstərilən birmənalı siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərimizin əsl təzahürü idi.
Tədbir zamanı çıxış edən digər məruzəçilər 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini, qadın və uşaqlar da daxil olmaqla günahsız insanları qətlə yetirmək üçün Sovet hakimiyyətinin bu qanunsuz qərarı ilə həyata keçirilən qətliamın Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, müstəqillik yolunda şanlı tarixin yazılmasına səbəb olduğunu bildiriblər. Onlar qardaş Azərbaycan xalqına qarşı törədilən bu amansız cinayətin heç bir zaman unudulmayacağını diqqətə çatdıraraq, bu tarixi hadisənin ildönümü münasibətilə Azərbaycan və Pakistanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərə Allahdan rəhmət diləyiblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad




