Daxili işlər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

post-img

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı vətəndaş qəbulundan əvvəl, yəni fevralın 2-si saat 08:00-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Sosial həyat