Əlcəzair Prezidenti Abdelməcid Tebbun rəsmi səfərlə Əlcəzairdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Məlumatı “Anadolu” verib.
Prezident aparatının sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, görüşdə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf da iştirak edib.
Xarici işlər nazirləri Əlcəzairin paytaxtında Türkiyə-Əlcəzair Birgə Planlaşdırma Qrupunun üçüncü toplantısında iştirak ediblər.
“Türkiyə və Əlcəzair regional məsələlər üzrə məsləhətləşmələri intensivləşdirmək və ortaq siyasət hazırlamaq istəyirlər”, - deyə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir bu barədə Əlcəzair Prezidenti Abdelməcid Tebbun ilə görüşdən sonra açıqlama verib.
Qardaş Əlcəzairə səfərindən dərin məmnunluq duyduğunu bildirən Fidan Prezident Tebbuna Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdığını bildirib.
Nazirin sözlərinə görə, Tebbun strateji əməkdaşlıq üzrə yüksək səviyyəli görüş üçün bu il Türkiyəyə səfər edəcək. O qeyd edib ki, Əlcəzair Prezidentinin rəhbərliyi ilə bu ölkə mühüm iqtisadi irəliləyiş əldə edib.
P.ƏMİRCANOV
XQ