Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, paketə Rusiya ilə əlaqəli olduğu güman edilən 200-ə yaxın tanker daxildir.
"Yeni tədbirlər həm də hibrid təhdidləri və insan haqlarını hədəfləyir. Rusiyaya qarşı yeni sanksiyalar inkişaf mərhələsindədir. "Rusiya nə qədər uzun müddət müharibə aparsa, bizim cavabımız bir o qədər sərt olacaq", - xanım Kallas X sosial şəbəkəsində yazıb.
Bloomberg-in məlumatına görə, tətbiq edilən sanksiyalar Surqutneftegaz və BƏƏ-də yaradılmış LUKOIL Litasco Middle East bölməsinə təsir göstərə bilər. Bundan əlavə, Aİ ölkələri Rusiyaya qarşı 18-ci məhdudlaşdırıcı tədbirlər paketini hazırlayır.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, bu, “Şimal axını” qaz kəmərinə qarşı sanksiyaları, habelə Rusiya neftinin maksimal qiymətinin azaldılmasını əhatə edəcək. Reuters-in mənbələrə istinadən verdiyi məlumata görə, bu rəqəm bir barel üçün 50 dollara qədər azala bilər.
S.ELAY
XQ