Türkiyə Trampa danışıqlarını İstanbulda davam etdirməyi təklif edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla nüvə danışıqlarını İstanbulda davam etdirməyi təklif edib. Bu barədə iyunun 17-də “Hürriyət” qəzeti mənbələrə istinadən yazıb.

“Türkiyənin əsas məqsədi nüvə danışıqlarını bərpa etməkdir. Prezident Ərdoğan bunun üçün işə başlayıb. Bu təklif Ərdoğanın ABŞ Prezidenti Tramp və İran prezidenti Məsud Pezeşkianla danışıqlarının əsas gündəliyinə çevrilib”, - nəşr yazıb.

Nəşr həmçinin iddia edir ki, Ərdoğan Trampa ilk dəfə iki ölkənin həll yolu tapmaq üçün İstanbulda görüşməsini təklif edəndə ABŞ lideri “onun təyyarəsi hazırdır” deyib.

Bir gün əvvəl isə Pezeşkian bildirmişdi ki, ölkəsi ABŞ ilə danışıqları yalnız İsrailin hücumlarını dayandıracağı təqdirdə davam etdirəcək. O, həm də qeyd edib ki, nüvə danışıqları zamanı ABŞ İrana İsrailin onların icazəsi olmadan heç bir addım atmayacağına söz verib.

P.ƏMİRCANOV
XQ

Dünya