Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında bu həftə görüşün mümkünlüyü istisna edilmir. Bu barədə avqustun 4-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Xəbəri “İzvestiya.ru” yayıb.
“Biz belə bir görüşün keçirilməsinin mümkünlüyünü istisna etmirik”, - o, brifinqdə qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi ikitərəfli dialoqun davam etdiyini vurğulayıb. O qeyd edib ki, Birləşmiş Ştatlar da Ukraynadakı münaqişənin həlli yollarının axtarışında vasitəçilik səylərini davam etdirir.
Peskov müvafiq səyləri, o cümlədən Rusiya-Ukrayna danışıqları kontekstində çox vacib adlandırıb. O, həmçinin Rusiya tərəfinin münaqişənin siyasi və diplomatik yolla həllinə sadiqliyini qeyd edib: “Biz həmişə cənab Uitkoffu Moskvada görməyə və onunla əlaqələrimizə həmişə şadıq. Və biz belə görüşləri vacib, mənalı və çox faydalı hesab edirik”.
Qeyd edək ki, avqustun 3-də ABŞ prezidenti Uitkoffun avqustun 6-da və ya 7-də Moskvaya səfər edəcəyini açıqlamışdı.
P.ƏMİRCANOV
XQ