ABŞ Prezidenti Donald Tramp Senatda Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsini dəstəklədiyini təsdiqləiyib, lakin onun tətbiqinə ehtiyac olmayacağına ümid etdiyini bildirib.
Tramp “Fox News”-a verdiyi müsahibədə deyib: “Mən bunu dəstəkləyirəm. Ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacağıq”.
Cümə axşamı gecəsi Respublikaçı senator Lindsi Qrem X sosial şəbəkəsində Trampın Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün qanun layihəsinə yaşıl işıq yandırdığını elan edib.
Qrem yazıb ki, qanun layihəsi ilə bağlı səsvermənin “gələn həftənin əvvəlində” keçiriləcəyinə ümid edir: “Bu gün Prezident Trampla bir sıra məsələlər üzrə çox məhsuldar görüşdən sonra o, aylardır senator Blumental və bir çox başqaları ilə birlikdə üzərində işlədiyim ikipartiyalı Rusiyaya sanksiyalar tətbiqi üzrə qanun layihəsinə yaşıl işıq yandırıb”.
Qrem və onun Demokrat həmkarı Riçard Blumental bu qanun layihəsini ötən il aprel ayının əvvəlində təqdim etmişdilər.
P.ƏMİRCANOV
XQ

