ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarır?

post-img

ABŞ ordusu Suriyada qalan təxminən 1000 əsgərini iki ay ərzində ölkədən tamamilə çıxarmağa hazırlaşır. “The Wall Street Journal” (WSJ) qəzetinin üç amerikalı məmura istinadən verdiyi məlumata görə, Pentaqon Suriyadakı qalan qüvvələrini çıxarmaq üçün hazırlıqlara başlayıb.

Xəbəri “Anadolu” yayıb. 

Bununla da Suriyada təxminən 10 ildən bəri davam edən ABŞ hərbi mövcudluğuna tamamilə son qoyulacaq.

ABŞ-ın iki rəsmisi bildirib ki, ABŞ ordusu bu ayın əvvəlində Suriya, İordaniya və İraq sərhədində yerləşən strateji forpost olan əl-Tanf qarnizonundan və Suriyanın şimal-şərqindəki Şeddadi hava bazasından qüvvələrin çıxarılmasını artıq başa çatdırıb.

Eyni mənbələr Donald Tramp administrasiyasının ABŞ-ın İŞİD-ə qarşı mübarizədə tərəfdaşı olan YPG terror təşkilatının “demək olar ki, tamamilə çökməsi” səbəbindən Suriyada ABŞ-ın əlavə hərbi mövcudluğuna ehtiyac olmadığı qənaətinə gəldiyini vurğulayıb.

Eyni zamanda, başqa bir rəsmi şəxs qeyd edib ki, yeni mərhələnin bir hissəsi olaraq Tramp administrasiyası Suriya hökuməti ilə daha sıx diplomatik münasibətlər qurmaq və mümkün daxili təhdidləri diplomatik mexanizmlər vasitəsilə idarə etmək niyyətindədir.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak daha əvvəl ordunun İŞİD-lə mübarizə missiyasının 99 faiz tamamlandığını və Suriyadakı ABŞ bazalarının sayının səkkizdən üçə endirildiyini və sonda birə endiriləcəyini bildirmişdi.

P.ƏMİRCANOV
XQ

Dünya