AMEA-da Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı olub

post-img

Mayın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimat mərasimi keçirilib.

AMEA-dan bildirilib ki, tədbirdə millət vəkilləri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasimini giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri”nin Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu, eyni zamanda, gələcək nəsillərin, gənc alim və tədqiqatçıların istinad mənbəyinə çevriləcəyini söyləyib. Bildirib ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas simalarından biri olan Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub. Görkəmli şair XX əsrin 80-cı illərinin sonlarından etibarən Azərbaycanın milli istiqlal mübarizəsində ön sıralarda iştirak edərək, xalqımızın çoxəsrlik istiqlal arzusunun həyata keçirilməsinə öz töhfəsini verib.

“Xalq şairi Sabir Rüstəmxanlının ictimai fəaliyyəti və ədəbi yaradıcılığı Azərbaycanın milli maraqlarına, ölkəmizin dövlət müstəqilliyinin inkişafına və möhkəmlənməsinə xidmət edir”, - deyə bildirən AMEA rəhbəri xalqımızın milli istiqlala hazırlanmasında ədibin yaradıcılığının, xüsusilə onun “Ömür kitabı” əsərinin böyük təsiredici gücə malik olduğunu söyləyib.

Sabir Rüstəmxanlını yaradıcı ziyalı, vətəndaş-şair, görkəmli nasir, dramaturq və  publisist kimi xarakterizə edən akademik İsa Həbibbəyli Azərbaycan publisistikasının son dövrlərdəki inkişafının bilavasitə görkəmli şairin adı ilə bağlı olduğunu vurğulayıb. O, 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktorunun Sabir Rüstəmxanlı olduğunu diqqətə çatdırıb, müstəqil dövlətçilik tariximizdə öz yeri olan bu qəzetin milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verdiyini bildirib. 

Akademik İsa Həbibbəyli, həmçinin Sabir Rüstəmxanlının "Molla Nəsrəddin və folklor" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldığını xatırladıb. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şairə həsr olunmuş “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” adlı monoqrafiyanın çap olunduğunu söyləyib. Qeyd edib ki, nəşrdə Xalq şairi Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri geniş tədqiq edilib, şairin nəsr, nəzm və dram əsərlərindəki mənəvi problemlərin açıqlanmasına yer verilib.

AMEA prezidenti vurğulayıb ki, Sabir Rüstəmxanlı ədəbi mühitdə milli mövqeyi ilə seçilən və maraq doğuran sənətkardır. Böyük azadlıq ehtiraslarından doğan Sabir Rüstəmxanlı bədii irsinin bütün janrlarında toxunduğu məsələlər vətəndaşlıq qayəsi nümunəsində aparıcılığı ilə fərqlənir.

Akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinə Azərbaycanın tanınmış qələm adamlarının, müxtəlif nəsillərdən olan görkəmli alimlərin “Ön söz” yazdıqlarını bildirib. O, ədibin “Seçilmiş əsərləri”nin 15 cildliyinin Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı böyük yerini, bütün janrların inkişafındakı xidmətlərini əks etdirdiyini vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığından, poeziyasının xüsusiyyətlərindən, ziyalı mövqeyindən və şəxsiyyət kimi daşıdığı məziyyətlərdən danışıb. 

Sabir Rüstəmxanlı ilə uzun illərdir dostluq münasibətlərinin olduğunu söyləyən Xalq yazıçısı Anar bildirib ki, görkəmli şair Azərbaycan Yazıçılar Birliyinə haqsız hücumlar olduğu zaman bu qurumun haqq səsinə hay verən, onu müdafiə edən şəxslərdən biridir.

O, Sabir Rüstəmxanlının əsərlərinin Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçildiyini, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirdiyini vurğulayıb. Xalq yazıçısı Anar şairin “Seçilmiş əsərləri”nin 15 cildliyini ədəbiyyat tariximiz üçün dəyərli məxrəz kimi qiymətləndirib, milli təfəkkür və şəxsiyyəti ilə xalqın sevgisini qazanmış Sabir Rüstəmxanlıya yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru,  akademik Nizami Cəfərov, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, professor Fəzail İbrahimli və digərləri çıxış edərək Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri və böyük payı olduğunu bildiriblər. Qeyd olunub ki, nəfis tərtibatda işıq üzü görmüş bu 15 cildlik külliyyat şairin ən böyük sərvətidir və Azərbaycan ədəbiyyatının qiymətli səhifələrini təşkil edir.

Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.































Elm