Tramp: HƏMAS və İsrail atəşkəs razılaşmasına çox yaxındır

post-img

HƏMAS və İsrail Qəzza zolağında atəşkəs razılaşmasına çox yaxındırlar. Bunu ABŞ Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edən amerikalı milyarder İlon Maskla oval kabinetdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Xəbəri “Anadolu” yayıb. 

“Bu barədə sizə bu gün və ya bəlkə sabah məlumat verəcəyik. Bunu etmək şansımız var”, - ABŞ prezidenti deyib.

Tramp nüvə proqramı ilə bağlı İranla aparılan danışıqlara da münasibət bildirib.

İranı bombardman etməkdənsə, razılaşmaya üstünlük verəcəyini qeyd edən ABŞ prezidenti deyib: “Məncə, bizim İranla razılaşmaq üçün yaxşı şansımız var”.

“Düşünürəm ki, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər. Biz Yaxın Şərqə bomba atmadan razılaşma əldə edə bilərik. Bu, əla olardı” – Tramp qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya