Mərkəzi Elmi Kitabxana 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2025-ci il üzrə fəaliyyətə dair hesabat iclası keçirilib. İclasda AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, kitabxananın rəhbərliyi və əməkdaşları iştirak ediblər.

XQ xəbər verir ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci il ərzində Mərkəzi Elmi Kitabxananın fəaliyyəti AMEA rəhbərliyinin qəbul etdiyi normativ sənədlərə uyğun şəkildə təşkil olunub. Kitabxananın fəaliyyət istiqamətləri Akademiyanın strateji inkişaf xəttinə uyğun formalaşdırılıb, elmi-informasiya təminatının gücləndirilməsi, rəqəmsallaşdırma işlərinin genişləndirilməsi və ictimai maarifləndirmə tədbirləri planlı şəkildə həyata keçirilib.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar kitabxanada müxtəlif istiqamətlər üzrə tədbirlər təşkil olunub, mövzuya dair nəşrlər və arxiv materialları əsasında tematik sərgi hazırlanıb, həmçinin hüquqi və tarixi məzmunlu nəşrlər əsasında “Konstitusiya və Suverenlik İli” adlı biblioqrafik göstərici tərtib edilib.

Bununla yanaşı, AMEA-nın 80, Mərkəzi Elmi Kitabxananın isə 100 illik yubileyləri münasibətilə kitabxana fondlarında qorunan sənədlər, foto-materiallar və Akademiyanın fəaliyyətini əks etdirən nəşrlər əsasında ənənəvi və virtual sərgilər hazırlanıb. MEK-in Elektron resurslar şöbəsi tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyası” adlı ensiklopedik məqalə yenidən işlənərək məzmun baxımından təkmilləşdirilib və istifadəçilərin ixtiyarına verilib. Eyni zamanda, kitabxananın yüzillik fəaliyyətini əks etdirən materialların toplanması və sistemləşdirilməsi istiqamətində işlər aparılıb.

Bu çərçivədə “Mərkəzi Elmi Kitabxananın nəşrləri: biblioqrafik göstərici”, “Mərkəzi Elmi Kitabxana – 100 il elmin keşiyində”, “Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi: 1925–2025”, “Mərkəzi Elmi Kitabxananın inciləri”, “Mərkəzi Elmi Kitabxana mətbuatın güzgüsündə”, “Qarabağ Qəhrəmanları Fondu: biblioqrafik göstərici”, “Azərbaycan milli mətbuatı müstəqillik dövründə (1991–2025): biblioqrafik göstərici”, “Azərbaycan Konstitusiyası və Suverenlik: biblioqrafiya”, “Yaşıl kitabxanalar”, “İlham Əliyev və Yaşıl Dünya Naminə Azərbaycan: çap və elektron sənəd-informasiya resursları: biblioqrafik göstərici”, “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat: məlumat kitabı” kimi nəşrlər hazırlanıb.

Direktor qeyd edib ki, hesabat dövründə MEK-də əsas prioritetlərdən biri elektron kitabxananın və digər rəqəmsal xidmətlərin genişləndirilməsi olub. Nadir fondun rəqəmsallaşdırılmasına və inklüziv informasiya resurslarının tətbiqinə başlanılıb, süni intellekt əsaslı səsli axtarış sistemi yaradılıb, kitabxananın veb-saytı və texniki infrastrukturu yenilənib. Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin qurulmasına start verilib, MEK-in yeni elektron oxu zalı istifadəyə təqdim olunub. Oxucuların tələbatına uyğun olaraq beynəlxalq elmi bazalara və açıq girişli resurslara çıxış imkanları genişləndirilib.

Gələcək dövr üçün əsas hədəflər sırasında süni intellekt əsaslı mobil elektron kitabxananın yaradılması və görkəmli şəxsiyyətlərə həsr olunmuş yeni elektron layihələrin hazırlanması yer alır. Bu istiqamətdə ilk layihə olaraq Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş elektron resurs sentyabr ayında istifadəyə verilib.

Sənəd axınına dair məlumat verən direktor bildirib ki, hesabat dövründə Mərkəzi Elmi Kitabxanaya ümumilikdə 9 063 adda sənəd daxil olub, elektron kitabxana üçün 60 mindən artıq tammətnli elektron nəşr hazırlanaraq emal edilib, onlardan 35 mindən çoxu Elektron Kitabxana bazasına yerləşdirilərək oxucuların istifadəsinə təqdim olunub.

Qeyd olunub ki, 2025-ci il ərzində MEK-də 705 yeni oxucu qeydiyyatdan keçib. Hazırda kitabxananın istifadəçi bazasında 50 minə yaxın aktiv oxucu mövcuddur. İl ərzində təşkil olunan “Açıq qapı” günləri çərçivəsində isə 300-dən artıq vətəndaş kitabxananın fəaliyyəti, fondları və xidmətləri ilə yaxından tanış olub. Eyni zamanda, elmi müəssisələrin əməkdaşları üçün viki-təlimlər və rəqəmsal resurslardan istifadə üzrə praktiki məşğələlər keçirilib. AMEA sistemində ilk dəfə tətbiq olunan “MEK Könüllüləri” proqramı kitabxananın ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində və inklüziv xidmətlərin inkişafında mühüm rol oynayıb.

Hesabat dövründə MEK əməkdaşlarının müxtəlif elmi tədbirlərdə fəal iştirakı ilə yanaşı, kitabxananın təşkilatçılığı ilə bir sıra mühüm konfranslar da keçirilib. Belə ki, 23 may tarixində “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransı, 21–22 noyabr tarixlərində isə MEK-in 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans təşkil edilib.

Kitabxananın beynəlxalq əməkdaşlıq fəaliyyətindən danışan H.Hüseynov bir sıra elm, təhsil və kitabxana qurumları ilə əlaqələrin genişləndirildiyini, müxtəlif təlim, istehsalat təcrübəsi və ixtisasartırma proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.

Hesabat məruzəsini dinləyən filologiya elmləri doktoru Sərxan Xavəri uğurlu fəaliyyət münasibətilə MEK rəhbərliyini və kollektivini təbrik edib. O bildirib ki, kitabxananın çoxşaxəli fəaliyyəti 2025-ci ildə də yüksək nəticələrlə yadda qalıb və MEK dövlətin elm siyasətinin həyata keçirilməsi, elmi biliklərin cəmiyyətə ötürülməsi və elmi-mədəni səviyyənin yüksəldilməsi istiqamətində nümunəvi fəaliyyət göstərir. Sərxan Xavəri Prezident İlham Əliyevin Akademiyanın 80 illiyində müəyyən etdiyi prioritetlər – rəqəmsallaşdırma, kibertəhlükəsizlik və informasiya texnologiyalarının tətbiqi sahələrində MEK-in qabaqcıl mövqeyə malik olduğunu vurğulayıb.









Elm