Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Muhteşem binliklerin şanlı 100 yılı” adlı türk dilinə tərcümə kitabı işıq üzü görüb.
Nəşr Türkiyə Respublikasının Sivas şəhərində fəaliyyət göstərən “Yönetim Yayınları” nəşriyyatı tərəfindən çap olunub. Kitabın tərcüməçisi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin əməkdaşı Əli Tağıyevdir.
Kitabda XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin ictimai-siyasi vəziyyəti, regiona qarşı irəli sürülən ərazi iddiaları, mürəkkəb beynəlxalq münasibətlər sistemi çərçivəsində Naxçıvanın siyasi-hüquqi statusunun müəyyənləşdirilməsi prosesi elmi əsaslarla və sistemli şəkildə təhlil olunub.
Nəşrdə Naxçıvanın muxtariyyət statusunun formalaşması, Moskva müqaviləsi və Qars müqaviləsi kontekstində hüquqi-siyasi məsələlər, bölgədə sovetləşmə prosesi, Araz-Türk Respublikasının fəaliyyəti, Cənubi Qafqazda müstəqil dövlətlərin təşəkkülü, eləcə də beynəlxalq güclərin regionla bağlı siyasəti geniş elmi təhlil obyektinə çevrilib. Müəllif tarixi hadisələri müqayisəli təhlil, mənbəşünaslıq və siyasi-hüquqi yanaşma metodları əsasında araşdıraraq Naxçıvanın dövlətçilik tarixində mühüm mərhələləri konseptual baxımdan ümumiləşdirib.
Kitabda, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanın muxtariyyət statusu və muxtar respublikanın yaradılması ilə bağlı fikirləri elmi-publisistik müstəvidə təqdim edilib, bu baxışların dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyəti əsaslandırılıb.
İsmayıl Hacıyevin “Muhteşem binliklerin şanlı 100 yılı” adlı kitabında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, inzibati idarəetmə sistemində baş vermiş dəyişikliklər, eləcə də muxtariyyət statusunun təşəkkülü və inkişaf mərhələləri kimi mövzular da yer alıb.
Nəşrdə tarixi əhəmiyyətə malik zəngin fotoşəkillər də təqdim olunub. Fotoşəkillər sırasında Əmir bəy Nərimanbəyovun, Yusif Kamal bəyin, Cəfərqulu xan Naxçıvanskinin, Kazım Qarabəkir Paşanın və Behbud ağa Şahtaxtinskinin portretləri, 1921-ci ildə Moskva müqaviləsinin imzalanma mərasimini əks etdirən arxiv xarakterli tarixi kadr, Qars müqaviləsinin imzalandığı binanın görüntüsü, 1999-cu ildə çəkilmiş Heydər Əliyevin fotosu, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 və 90 illik yubileyləri münasibətilə keçirilmiş tədbirlərdəki çıxışlarını əks etdirən fotoşəkillər və müasir Naxçıvan şəhərinin müxtəlif panoramik mənzərələri yer alıb.
Təqdim olunan vizual materiallar əsərin elmi dəyərini artırmaqla yanaşı, Naxçıvanın ictimai-siyasi tarixinin müxtəlif mərhələlərini əyani şəkildə nümayiş etdirir və oxucuda hadisələrin tarixi konteksti barədə daha dolğun təsəvvür formalaşdırır.
“Muhteşem binliklerin şanlı 100 yılı” kitabı Naxçıvan Muxtar Respublikasının dövlətçilik tarixinin, hüquqi-siyasi statusunun və inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi qiymətləndirilə bilər.
Kitab Naxçıvanın yüzillik inkişaf yolunun tarixi faktlar və elmi arqumentlər əsasında sistemləşdirilmiş şəkildə təqdim olunması baxımından həm geniş oxucu auditoriyası, həm də tədqiqatçılar üçün əhəmiyyətli mənbədir.
Səbuhi HƏSƏNOV
XQ

