Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala yüksəlib.
Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.
Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) da bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri sabah olacaq.
Qabil YUSİFOĞLU
XQ


