Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı baş tutacaq.
Belə ki, 3-7 fevralda yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı Gəncə İdman Sarayında keçiriləcək.
Güləş Federasiyasından verilən məlumata görə, 11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə fevralın 9-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U15 ölkə birinciliyinə də ev sahibliyi edib.
Qabil YUSİFOĞLU
XQ

