5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür
Ümummilli lider Heydər Əliyevin Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilirdi. Respublikamızın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusilə də gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı.
Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu günün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. “Idmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” – ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə bədən tərbiyəsi və idmanının inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycanda İdman Fondu təsis edilib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdən ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırıblar.
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-Prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.
2022-ci ildə də ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edib. Belə ki, Gimnastika üzrə dünya kubokları, həmçinin dünya çempionatları, Formula-1 Azərbaycan Qran-Prisi, cüdo və güləş üzrə beynəlxalq yarışlar Bakıda keçirilib. 2023-cü ildə ölkəmizdə yarışlar çox olsa da dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyun xüsusilə yadda qalan oldu. Matçın fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib:”... bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”
2024-2025-ci illər də Azərbaycan idmanı üçün kifayət qədər uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. 2024-cü ildə 1700-ə yaxın medal qazanılmışdır. 2025-ci ildə isə 2113 medal qazanılıb və bunun 30 faizi qızıl əyarlı olması Azərbaycan idmanı tarixində rekord göstəricidir. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.
Təbii ki, bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
İnanırıq ki, 2026-cü il də daha məsuliyyətli və bir çox parametrlər üzrə həlledici il olacaq. Ötən illərdə olduğu kimi bu ildə respublikamızda həm dünya, həm Avropa çempionatları keçiriləcək. Özünü dünyanın güclü idman ölkəsi kimi tanıdan dövlətimiz dünya arenasında mövqeyini daha da möhkəmləndirəcək.
Nurəngiz Adilqızı
XQ

