Laçında kiçik SES-lərin gur işığı

post-img

İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən dağ çaylarının üzərində qurulmuş kiçik su elektrik stansiyalarının enerjisistemə töhfəsi getdikcə artır. Bu baxımdan Laçın rayonundakı “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyalarının fəaliyyəti diqqət çəkir. 

Energetika Nazirliyinin sözügedən enerji obyektlərinin fəaliyyəti ilə bağlı yaydığı məlumat da bunu təsdiqləyir. Məlumatda bildirilir ki, istismara başladığı dövrdən bu il mayın 1-dək “Zabux” kiçik su elektrik stansiyasında 11,6 milyon kilovat-saat, “Qarıqışlaq”da isə 9,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, Laçın rayonunda Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları 2024-cü il mayın 10-da istismara verilib. Ümumi gücü 2,8 meqavat təşkil edən “Zabux” stansiyasında hər biri 0,7 meqavat gücündə olan 4 hidroaqreqat quraşdırılıb. “Qarıqışlaq” stansiyası isə ümumi gücü 4 meqavat olmaqla 1 hidroaqreqatdan ibarətdir.

Hazırda ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalının həyata keçirildiyi hər iki stansiyadan ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

 

İqtisadiyyat