Balanslı enerji strategiyası: təhlükəsizlik və “yaşıl” keçid

post-img

Prezident İlham Əliyev iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edərək bildirib ki, bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə “yaşıl” enerji arasında olan balans nəzərə alınmır. Nəticədə, genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Burada daha mürəkkəb ssenarilər də müşahidə oluna bilər. Yəni bəzi addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Azərbaycanda təbii qazın hasilat həcmi artırılır. Çünki buna ehtiyacı olan ölkələr var və onların tələbatı ödənilir. Eyni zamanda, Azərbaycan tərəfindən tərəfdaşları ilə birlikdə “yaşıl” enerji layihələrinə yatırım da edilir. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək. Yəni bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaq. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı gerçəkləşdirəcək.

Prezident İlham Əliyev daha sonra deyib: “Ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat “yaşıl” enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni, biz bu yol ilə irəliləyirik”. Dövlətimizin başçısı daha sonra söyləyib ki, COP29 haqqında danışarkən onun, həqiqətən də, uğurlu olduğunu qeyd etməliyik. Qlobal konfransın “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır: “Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi”.

Ölkəmizin rəhbəri onu da qeyd edib ki, enerji bazarında məsuliyyətli aktor hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir. Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində çıxış edən dövətimizin başçısı bir daha Azərbaycanın enerji sahəsində oynadığı strateji rolu və gələcəyə yönəlmiş siyasətini aydın şəkildə ortaya qoydu. Ölkə rəhbərinin nitqində səsləndirilən fikirlər həm neft-qaz sektorunun mövcud vəziyyəti, həm də “yaşıl” enerji keçidinə dair respublikamızın balanslı yanaşmasını əks etdirir.

Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq vurğuladığı məqamlardan biri bəzi ölkələrin enerji siyasətində “yaşıl” enerji ilə qazıntı yanacaqları arasında tarazlığı qoruya bilməməsidir. Bu balanssızlıq bəzən genişmiqyaslı enerji böhranlarına, hətta enerji sistemlərinin çökməsinə səbəb olur. Azərbaycanın isə bu məsələyə yanaşması tamamilə rasional və davamlı inkişaf prinsiplərinə əsaslanır.

Hazırda dünya enerji bazarında baş verən dəyişikliklər və iqlim dəyişiklikləri ilə mübarizə çağırışları qarşısında düzgün enerji balansı daha da ön plana çıxır. Azərbaycanın qaz hasilatını artırmaqla bərabər, paralel şəkildə bərpa olunan enerji mənbələrinə də sərmayə yatırması bu baxımdan təqdirəlayiqdir.

Burada təbii qaz hasilatının artırılması məsələsinə gəldikdə isə deyə bilərik ki, buna əsas səbəb bu növ yanacağa ehtiyac duyan ölkələrin mövcudluğudur. Azərbaycanın xarici tərəfdaşları ilə birlikdə bu tələbatı ödəmək üçün gördüyü tədbirlər onun etibarlı enerji təchizatçısı kimi reputasiyasını daha da möhkəmləndirir.

2030-cu ilə qədər əlavə 8 milyard kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır. Bu qaz 5 mövcud yataqla yanaşı, yeni kəşf ediləcək sahələrdən də əldə olunacaq. Artan sərmayə axını və yeni sazişlərin imzalanması bu hədəflərin reallığa çevriləcəyini göstərir. Beləliklə, Azərbaycan yalnız cari ehtiyaclara cavab verməklə kifayətlənmir, həm də enerji sektorunun davamlı inkişafını gerçəkləşdirir.

“Yaşıl” enerji sahəsində atılan addımlar da Azərbaycanın qlobal enerji gündəmində ön sıralarda yer aldığını göstərir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə çıxış edərək qeyd etdi ki, təkcə ötən il Bakı Enerji Həftəsi çərçivəsində 1000 meqavat gücündə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb. Bu il isə əlavə bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq.

Bu göstəricilər Azərbaycanın “yaşıl” enerji istehsalçısı kimi potensialını nümayiş etdirir. Xüsusilə külək və günəş enerjisi sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq ölkəmizin enerji portfelini daha da diversifikasiya edir. Bu yanaşma enerji təhlükəsizliyi və ekoloji məsuliyyətin paralel şəkildə inkişaf etdirilməsi baxımından strateji önəm daşıyır.

Prezidentin çıxışında vurğuladığı digər mühüm məqam isə COP29 konfransının uğurlu təşkili və nəticələridir. Azərbaycanın ev sahibliyi edəcəyi bu mühüm tədbir artıq “Bakı sıçrayışı” kimi dəyərləndirilir. Bu ifadə sadəcə bir metafora deyil, əksinə, iqlim gündəmində konkret nailiyyətlərin simvoluna çevrilmişdir.

Sonda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti təkcə daxili ehtiyacları deyil, beynəlxalq əməkdaşlıq, iqlim dəyişikliklərinə uyğunlaşma və yeni texnologiyaların tətbiqi kimi mühüm məsələləri də əhatə edir. Məhz bu səbəbdəndir ki, ölkəmiz enerji bazarında “məsuliyyətli aktor” kimi qəbul edilir. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər, imzaladığı sazişlər və irəli sürdüyü təşəbbüslər müxtəlif tərəfləri bir araya gətirmək və real nəticələr əldə etmək baxımından nümunəvi xarakter daşıyır.

 

 

İqtisadiyyat