Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, həm də ixracatçılarımız üçün yeni imkanlar yaradıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bu barədə deyib:
– Bu gün “Azexport” portalının qarşısında duran əsas vəzifələrdən bir Azərbaycan məhsullarının ən qısa zamanda və ən aşağı loqistik xərclə dünya bazarlarına çıxışını gerçəkləşdirməkdir. İndiki yeni geosiyasi reallıq isə məhz bu məqsədə xidmət edir. Belə ki, Naxçıvan Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu vasitəsilə birləşəndən sonra ölkəmizin istehsalçıları üçün Türkiyə limanlarına çıxışın sürətlənəcəyi gözlənilir. Belə bir şəraitdə isə Avropa və Amerika bazarlarına daşınma müddətinin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.
Qeyd edim ki, bu gün “Amazon”, “Etsy” və digər qlobal platformalarda elektron ticarətlə məşğul olan şirkətlər üçün loqistik imkanların genişlənməsi qiymət və zaman üstünlüyü yaradır. Məlumdur ki, Azərbaycanın ərzaq məhsulları da dünya bazarlarında təbii, keyfiyyətli və dadlı olması ilə diqqət çəkir. Eyni zamanda, bu kateqoriyadan olan məhsullar daha çox məhdud istifadə müddəti ilə seçildiyindən ixracında zəruri tələblər daha sərt şəkildə nəzarətdə saxlanılır. Məsələn, loqistika imkanlarının daha əlçatan olması nəticəsində malların ixrac bazarlarında rəqabətliyi genişlənir, ixrac stimullaşır, eləcə də məhdud istifadə müddəti olan məhsullar, məsələn, qida, çiçək və dərmanlar daha qısa müddətdə, keyfiyyətli şəkildə ABŞ və Avropa bazarlarına çatdırılır.
Yeni imkanlar Azərbaycan məhsullarının Amerika və Avropa bazarlarında daha möhkəm mövqe tutmasına dəstək olacaq. Belə ki, ABŞ-a ixracımızda artıq mühüm paya sahib olan ərzaq məhsulları (cem, mürəbbə, meyvə jelesi, meyvə püreləri), aqrar kimyəvi məhsullar (azot gübrələri), sənaye xammalı (ferrosilisium ərintiləri, ilkin polimerlər), eləcə də alüminium vərəqlər və konstruksiya qurğuları bu yeni dəhliz sayəsində daha ucuz, daha sürətli və daha rəqabətədavamlı şəkildə bazara çıxacaq.
Bununla yanaşı, “OTS Made” brendinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə istehsal – ixrac təşəbbüslərinin genişlənməsi də yeni mərhələyə qədəm qoyur. Türk dövlətlərində istehsal olunan məhsullar artıq bu nəqliyyat imkanlardan səmərəli yararlanmaqla dünya bazarlarına daha sürətli və ucuz çıxış əldə edəcək. Bu, həm regional ticarət əlaqələrini möhkəmləndirəcək, həm də ixracatçıların rəqabət üstünlüyünü gerçəkləşdirəcək.
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədində rəqəmsallaşma və süni intellektin inkişafı da prioritet istiqamət kimi müəyyən olunub. Bu da, öz növbəsində, elektron ticarətdə innovativ həllərin tətbiqini sürətləndirəcək, Azərbaycan şirkətlərinin qlobal bazarlarda mövqeyini gücləndirəcək. İnvestisiyaların, yeni texnologiyaların və kənd təsərrüfatında müasir aqro texnologiyaların ölkəmizə gətirilməsi isə həm istehsal həcmini, həm də ixrac keyfiyyətini artıracaq. Beləliklə, formalaşan yeni reallıq bölgədə sülhü, eləcə də davamlı iqtisadi inkişafı, rəqabətədavamlı ixracı və qlobal elektron ticarət imkanlarının genişlənməsini reallaşdıracaq.