Azərbaycanın “yaşıl” gələcəyinin yeni hədəfləri

post-img

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində keçirdiyi görüşlər, birmənalı olaraq, qüdrətli Azərbaycan dövlətinin iqtisadi yüksəlişinin qorunması naminə konseptual baxışı ifadə edir. Şübhəsiz, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan həm də Avropanın önəmli təminatçısıdır. Məhz bu potensialına görə ölkəmiz enerji əməkdaşlığı üzrə daim yeni aspektləri gündəmdə saxlayır, bu sahədə iqtisadi prioriteti müəyyənləşdirir. 

Avropaya artan enerji ixracına paralel olaraq, Suriya da daxil olmaqla 14 ölkəyə təbii qaz ixrac edən ölkəmiz təhlükəsiz və etibarlı enerji ötürücüsü rolunu daim­stimullaşdırır. Ənənəvi enerji olan “mavi yanacağın”ın nəqlində liderlik mövqeyinə baxmayaraq ölkəmiz qlobal nizamda enerji böhranının aradan qaldırılması, ekoloji təlatümlərin minimuma endirilməsi naminə “yaşıl enerji”yə keçidi də aktuallaşdırıb. Məhz bu səbəbdən Azərbaycan dövləti gələcəkdə yeni iqtisadi dividendlər əldə olunması, həm də enerji ixracında liderlik mövqeyini qorumaq üçün ciddi addımlar atır. 

Hazırda respublikamızın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində isə 157 qiqavat külək enerjisi potensialı mövcuddur. Eyni zamanda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji potensialının həcmi 10 qiqavatdan çoxdur. Məhz buna görə strateji tərəfdaşlıq çərçivəsində Çinin “yaşıl enerji” sahəsində imkanları Azərbaycanın mövcud poten­sialını gerçəkləşdirməkdə əsas əməkdaşlıq istiqamətidir. 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə bu məsələ diqqət mərkəzində oldu. Söhbət zamanı şirkətin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirildi, “yaşıl enerji”, su resurslarının idarə olunması, elektroenergetika və digər sahələrdə əməkdaşlıq müzakirə edildi. Günəş və külək stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin tətbiqi və yerli mütəxəssislərin hazırlanması üzrə perspektivlər barədə də fikir mübadiləsi aparıldı. Səfər zamanı,  "Sichian Sunsync Photovoltaic ­Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüş də diqqətçəkən idi.  Məsləhətləşmə zamanı Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu. 

Azərbaycan – Çin dialoqunda “yaşıl enerji” səhifəsinin böyük gələcəyi var. Xatırladaq ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş, 100 MVt-lıq üzən günəş elektrik stansiyalarının, 30 MVt gücündə batareya enerji saxlanc sisteminin, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşasını, daha 2 QVt gücündə külək enerjisi layihəsini, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. 

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl enerji” sahəsində anlaşma memorandumları imzalanıb. Bu il daha bir əlamətdar hadisəyə şahidlik etdik. “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında”  9 turbin artıq quraşdırılıb. Bu stansiyanın fəaliyyəti ölkənin enerji balansında “yaşıl enerji”nin payını nəzərəçarpacaq dərəcədə artıracaq. İlkin hesablamalara əsasən burada ildə təxminən, 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu göstərici 220 milyon kubmetr təbii qaza qənaət etməyə, atmosferə 400 mindən artıq ton karbon emissiyasının buraxılmasının qarşısını almağa və 300 minə yaxın evin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək. Layihənin ümumi dəyəri 340 milyon dollardır.

Prezident İlham Əliyevin Çinin ­Tie­n­c­in şəhərində “ŞƏT plyus” formatında görüşdə səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycanın “yaşıl enerji” hədəfləri qlobal önəmini qoruyaraq reallaşacaq.

Vüqar BAYRAMOV, 
Milli Məclisin deputatı

Təbii ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur.

Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq. Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Son görüşlər və imzalanan anlaşmalar da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdı. Azərbaycan bir tərəfdən regionda, xüsusilə Cənubi Qafqazda “yaşıl enerji” sahəsinə böyük diqqət ayıran ölkədir. Digər tərəfdən, ölkəmiz 2030-cu ilədək “yaşıl enerji”nin ümumi enerji balansındakı payını 35 ­fa­izə çatdırmağı, karbon emissiyalarını isə 40 fa­iz azaltmağı hədəfləyir.

Bu baxımdan aparılan təhlillər göstərir ki, Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlıq bir tərəfdən istehsal gücünün artmasına şərait yaradacaq, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində uzun müddətdir planlaşdırılan və müzakirə olunan “yaşıl enerji” ixracının reallaşdırılması mümkün olacaq.

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Azərbaycan “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsinin əsasını Buxarestdə, iki Avropa dövləti və Gürcüstanla birgə qoyub. Artıq 2023-cü ildən Orta Asiya respublikalarından ölkəmizə bu layihəyə qoşulmaq üçün rəsmi müraciətlər daxil olub. Bunun ardınca isə Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə ikitərəfli, həmçinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlıq formatları genişlənməyə başlayıb.

Çində keçirilən görüşlər də bu strateji xəttin möhkəmlənməsinə və dinamizminin artmasına mühüm töhfə verir. Çin bu gün dünyada alternativ enerji istehsalı üzrə ən böyük müəssisələrə sahibdir. Bir neçə gün öncə Çində yeni günəş stansiyasının açılışı da bunun bariz nümunəsidir.

Bütün bunları qeyd etməklə vurğulamaq istəyirəm ki, Azərbaycanın “yaşıl enerji” siyasəti ilə bağlı Çinlə münasibətlər, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüşlər və ayrı-ayrı nümayəndələrlə aparılan danışıqlar ölkəmizin bu siyasətini dəstəkləyəcək. Azərbaycan isə öz növbəsində bu sektorun inkişafına mühüm töhfə verəcək

Nurlan ABDALOV
XQ

 





İqtisadiyyat