Aqrar subsidiyalar bolluq və ucuzluğa aparır

post-img

Qurum ölkə Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2026-cı il üzrə bitkiçilik sahəsində regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. 

Məlum olduğu kimi, ötən ildən ölkədə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımının müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılıb. Şuranın yeni qərarına əsasən 2026-cı ildə çəltik bitkisi üzrə əsas və təkrar əkinlər aparılmış torpaqların hər hektarına görə, müvafiq olaraq 380 manat və 120 manat əkin subsidiyası veriləcək. 

Müasir suvarma sistemləri ilə təchiz olunmuş və belə şəbəkəsi olmayan qarğıdalı sahələrinin hər hektarına görə müvafiq olaraq 160 manat və 100 manat əkin subsidiyası veriləcək. İşğaldan azad edilmiş ərazilərdə isə müasir suvarma sistemləri ilə təchiz olunmuş qarğıdalı sahələrinin hər hektarına görə 270 manat subsidiya nəzərdə tutulur. Dəmyə sahələr üzrə subsidiya məbləği isə xeyli aşağı – 50 manat təşkil edəcək. 

Digər dənli və dənli paxlalılara (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.) gəldikdə isə işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri təchiz olunmuş və olunmamış əkin sahələrinin hər hektarına görə müvafiq olaraq 400 manat və 100 manat subsidiya ayrılacaq. Ölkənin digər əraziləri üçün isə bu növ bitkilərin hər hektarına görə suvarma sistemlərinin tətbiqindən asılı olaraq 200 manatdan 290 manatadək əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 

2026-cı ilin məhsulu üçün kartof, tərəvəz, bostan bitkiləri əkilmiş və müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrin hər hektarına görə müvafiq olaraq 360 manat, 310 manat və 280 manat subsidiya veriləcək. Müasir suvarma sitemləri olmayan əkin sahələri üzrə isə bu məbləğ müvafiq olaraq 300 manat, 250 manat və 220 manat təşkil edəcək.

İşğaldan azad olunmuş ərazilərdə üzümçülük sahəsi üzrə daha çox subsidiyanın verilməsi nəzərdə tutulur. Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınacaq super-intensiv texniki üzüm bağlarının hər hektarına görə 16,5 min manat, super-intensiv süfrə üzümü bağlarına görə isə 11,5 min manat subsidiya veriləcək.  

Aqrar Subsidiya Şurası meyvəçilik sahəsinə də dəstəyi getdikcə artırır. Ölkə ərazisində salınmış intensiv və super-intensiv meyvə bağlarının subsidiya mexanizmi ilə əhatə olunması da bunu təsdiqləyir. Şuranın qərarına əsasən 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək dağ və dağətəyi ərazilərdə salınacaq fındıq bağlarının hər hektarına görə 3 min manat, nar bağlarına görə 3-3,7 min manat, zeytun bağlarına görə 5,6 min manat, şaftalı (nektarin) və ərik bağlarına görə 4-5 min manat  subsidiya veriləcək. 

Sözügedən dövrdə intensiv meyvə bağlarında əkilmiş limon, kinkan, narıngi və portağal bağlarının hər hektarına görə 9,6 min manatdan 11,6 min manatadək subsidiyanın verilməsi nəzərdə tutulur. Püstə, armud, alma, gilas, xurma, badam və qoz bitkiləri əkilmiş intensiv meyvə bağlarının hər hektarına görə 3 min manatdan 8 min manatadək subsidiya veriləcək. Naxçıvan Muxtar Respublikasının ərazisində salınmış intensiv meyvə bağları üçün isə daha yüksək məbləğ nəzərdə tutulub.

Super-intensiv meyvə bağları üzrə subsidiya məbləği daha yüksək olacaq. Məsələn, işğaldan azad edilmiş ərazilərdə 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınacaq şabalıd, gilas, şaftalı (nektarin), ərik, qoz və fındıq bağlarının hər hektarına görə 3 min 250 manatdan 16 min 250 manatadək əkin subsidiyası veriləcək. Naxçıvan Muxtar Respublikası üzrə isə bu məbləğ 4 min 400 manatdan 32 min manat arasında dəyişəcək. Bununla yanaşı, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək damcı suvarma sistemi əsasında kivi, moruq, qarağat, böyürtkən bağları salacaq fermerlər aqrar subsidiya mexanizmindən bəhrələnəcəklər.  

Növbəti əkin mövsümündə subsidiya mexanizmində bir sıra yeniliklərin tətbiqi də nəzərdə tutulur. Bu baxımdan ilk dəfə olaraq dəmyə torpaqlarının dincə qoyulması üçün subsidiyaların verilməsinə başlanılmasını misal çəkmək olar. Şuranın Qərarına əsasən Şamaxı, Şəki, Qobustan və Yardımlı rayonlarında dəmyə ərazilərində son 3 ildə ardıcıl olaraq buğda və arpa  əkilmiş, eləcə də Elektron Kənd Təsərrüfatı Sistemində bəyan edilmiş torpaqların dincə qoyulması üçün hər hektara görə 220 manat subsidiya veriləcək.

Yeniliklərdən biri də sertifikatlı toxumdan istifadənin təşviqi ilə bağlıdır. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin əmsalı 0-a bərabər qəbul ediləcək. 

Şuranın Qərarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi  Qaydaları”na uyğun olaraq  işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə verilmiş torpaqlarda aparılan əkinlər üzrə əkin əmsalı və əkin subsidiyası bu birillik bitkilər və yonca əkinləri üzrə 50 faiz artırılmaqla tətbiq ediləcək.

Bu ildən kənd təsərrüfatı bitkiləri üzrə məhsul subsidiyasının siyahısı da genişləndirilib. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssisələrlə yanaşı, mal-qara və quş yemi istehsal edən müəssisələr üçün təhvil verilən qarğıdalıya şamil ediləcək. Bundan əlavə, meyvə şirəsi (konsentrat və s.) istehsalı üçün emal müəssisələrinə təhvil verilən nar və alma üçün məhsul subsidiyası verilməsi barədə qərar qəbul edilib.

Mirbağır YAQUBZADƏ
XQ

 

İqtisadiyyat