9 ayda ölkədə 47,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Ölkəmizdə iqtisadi və sosial tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında müşahidə olunan artım tendensiyası cari ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 95,2 milyard və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,9 faiz artım baş verib.
Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft-qaz sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft-qaz sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstərici 85 milyard 712,4 milyon manat təşkil edib. Bir mühüm fakt da ondan ibarətdir ki, Azərbaycanın qeyri-neft-qaz ÜDM-i 2022-2024-cü illərdə hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə, 1,2 dəfə artıb.
Ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun inkişafında müşahidə olunan sürətli artım tendensiyası 2025-ci ilin yanvar-sentyabr aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayında qeyri-neft-qaz sahələri üzrə məhsul istehsalı 66 milyard 724,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 faiz artım deməkdir.
Bu ilin 9 ayında ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 34,2 faizi iqtisadiyyatının əsas sahəsi sayılan sənayenin payına düşüb. Hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Hesabat dövründə sənayenin neft-qaz sektorunda məhsul istehsalı azalsa da, qeyri-neft-qaz sektorunda 4,8 faiz artım qeydə alınıb.
Komitənin məlumatına əsasən, cari ilin 9 ayında istehsal olunmuş sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 32,7 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının buraxılışı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Bu ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 8,4 faiz, istehsal vasitələrinin istehsalı 0,9 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı 0,8 faiz, enerji məhsullarının istehsalı 1,4 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 5 faiz azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsinin istehlakçılara göndərilməsi təmin edilib. Beləliklə, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 2025-ci il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 849,4 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 54,6 faizi Bakı, 12,6 faizi Sumqayıt, 4,7 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 141,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.