Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu ilin avqust ayında yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2026-cı ilin sonuna ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft qaz ÜDM-i 101,7 milyard manat təşkil edəcək. Nazirliyin proqnozuna görə, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı proqnozlaşdırılır.
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı təxmin edilib. Bununla yanaşı, 2029-cu ildən etibarən “Abşeron” yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir. 2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır.
Qeyd edək ki, nazirliyin proqnozunda əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.