“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanuna əsasən, 2026-cı il yanvarın 1-dən etibarən 60 vatt və yuxarı gücə malik, iyulun 1-dən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.
Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd min saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə, LED lampasının ümumi işıqlandırma xərci 14,4 manat təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 manata çatır.
Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kilovat-saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur. Bunun da nəticəsində 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kilovat-saatdan 567 min kilovat-saata enə bilər.
Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1 faiz) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.
Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Buna görə də vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.
XQ

