Prezident İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Cənubi Qafqazda sülh və iqtisadi əməkdaşlıq proseslərinin yeni mərhələyə keçdiyini göstərən mühüm hadisələrdən söhbət açıb. Ölkə başçısı bu razılaşmaların tarixi əhəmiyyət daşıdığını bildirərək, prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da ardıcıl səylərini davam etdirəcək.
Qeyd edək ki, ötən ilin avqust ayında paraflanan sülh müqaviləsi artıq öz ilkin iqtisadi nəticələrini göstərib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Ermənistan arasında ticarət münasibətlərinin formalaşdırılması istiqamətində konkret addımlar atılıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, eləcə də Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılması regionda kommunikasiya xətlərinin real iqtisadi dəyərə çevrildiyini nümayiş etdirir. Bu proseslər uzun illər blokada və qarşıdurma şəraitində qalmış Cənubi Qafqaz üçün tamamilə yeni iqtisadi reallıq yaradır.
Ümumiyyətlə, sülh müqaviləsinin əsas üstünlüklərindən biri qarşılıqlı ticarət və tranzit imkanlarının genişlənməsidir. Bu, nəqliyyat xərclərinin azalmasına, tədarük zəncirlərinin qısalmasına və region ölkələrinin beynəlxalq bazarlara daha rahat çıxış əldə etməsinə şərait yaradır. Xüsusilə Azərbaycan üçün bu proses ölkənin artıq formalaşmış logistika imkanlarını daha da gücləndirərək onu regional iqtisadi mərkəzə çevirir.
Bu kontekstdə ölkə başçısının TRIPP (Zəngəzur dəhlizi) ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı bu dəhlizin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını ifadə edib. Zəngəzur dəhlizi layihəsi bütövlükdə Cənubi Qafqazı Avrasiyanın əsas ticarət marşrutlarına bağlayan strateji nəqliyyat xətti kimi nəzərdə tutulur. Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların daha təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verməklə Orta Dəhlizin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq.
İqtisadi baxımdan Zəngəzur dəhlizi region ölkələri üçün mühüm dividendlər vəd edir. Tranzit gəlirlərinin artması, yeni investisiyaların cəlb olunması və sənaye ilə kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsi bu layihənin əsas üstünlükləri sırasında yer alır. Əgər qarşıdakı illərdə Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi daha genişlənərsə, proses bütövlükdə regionun iqtisadi arxitekturasını dəyişəcək.
Qeyd edək ki, mövcud iqtisadi potensial nəzərə alındıqda, Azərbaycanın Ermənistana ixrac edə biləcəyi məhsulların dairəsi kifayət qədər genişdir. İlk növbədə enerji amili ön plana çıxır. Azərbaycan neft məhsulları, neft-kimya xammalı, maye qaz və elektrik enerjisi baxımından regionun aparıcı təchizatçısıdır. Ermənistanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından Azərbaycan mənşəli məhsulların payı arta bilər. Bununla yanaşı, Azərbaycan tikinti materialları, sement, metal məmulatları, gübrələr, plastik və kimya sənayesi məhsulları, eləcə də kənd təsərrüfatı və ərzaq məhsulları ilə Ermənistan bazarında mövqeyini gücləndirə bilər.
Bəs Ermənistan Azərbaycana nə sata bilər?
Ermənistanın Azərbaycan bazarına çıxara biləcəyi məhsullara gəlincə, bura əsasən emal və yüngül sənaye sahələri aid ola bilər. Ermənistan hazırda mis və molibden konsentratları, qızıl, zinət əşyaları, alüminium və bəzi metal məhsulları ixrac edir. Bundan əlavə, alkoqollu içkilər, xüsusilə konyak və şərab, tütün məmulatları, tekstil və ayaqqabı məhsulları Ermənistanın ixrac portfelində mühüm yer tutur. Ermənistansı iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın gələcəkdə həm də Ermənistandan Azərbaycana ixrac mümkündür. Onun sözlərinə görə, ölkəsi potensial olaraq Azərbaycana alüminium, alüminium folqası, ferromolibden, mal-qara, meyvə-tərəvəz, müəyyən növ içkilər və toxuma mallar ixrac edə bilər. Xarici işlər naziri Ceyhun Bayramov ötən il dekabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi kimi həssas sahələr istisna olmaqla, digər sahələrdə ticarətin genişlənməsi mümkündür.
Asif İBRAHİMOV,
iqtisadçı-ekspert
ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə xüsusi rəğbətini açıq şəkildə nümayiş etdirir. Bu münasibətlər qarşılıqlı etimad və tərəfdaşlıq niyyətinə əsaslanır və bunu açıq formada müşahidə etmək mümkündür. Məlumdur ki, TRIPP layihəsinin müəllifi məhz Donald Trampdır və bu təşəbbüsün mərkəzində Azərbaycanın geostrateji mövqeyi dayanır.
İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Şərq–Qərb, eyni zamanda, Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişdiyi nöqtədə yerləşir. Bu isə ölkəmizin təkcə enerji ixracatçısı deyil, eyni zamanda, güclü logistika mərkəzinə çevrilməsi deməkdir. Xüsusilə Çinlə Mərkəzi Asiya üzərindən Avropaya uzanan marşrutda – Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və oradan Avropa istiqamətində – Azərbaycan ən strateji açar ölkələrdən biri hesab olunur.
Digər tərəfdən, ABŞ yaxşı dərk edir ki, Cənubi Qafqazda sabitliyin təmin olunmaması son 30 il ərzində müharibələr, münaqişələr və qarşıdurmalar vasitəsilə qlobal ticarətə ciddi mənfi təsir göstərib. Donald Tramp həm də bir biznesmen kimi bu reallığı yaxşı anlayır ki, Çindən Avropaya uzanan ticarət yolları üzərində yerləşən ölkələr arasında müharibə və qarşıdurmalar olmamalıdır, çünki bu, dünya ticarətinə ciddi zərər vurur.
Bu gün reallıq ondan ibarətdir ki, Çindən Avropaya daşınan yüklərin çatdırılmasında gecikmələr müşahidə olunur. Bəzən yüklərin mənzil başına çatması 20 gündən bir aya qədər vaxt aparır. TRIPP dəhlizinin işə düşməsi isə Çindən Avropaya yüklərin problemsiz şəkildə 6–11 gün ərzində çatdırılmasına imkan yaradacaq. Bu, həm zaman baxımından, həm maliyyə xərcləri, həm də etibarlılıq nöqteyi-nəzərindən ticarəti daha səmərəli edəcək.
Aparılan ilkin hesablamalara əsasən, dəhliz vasitəsilə yalnız logistika sahəsindən illik təqribən 15–23 milyard dollar həcmində gəlir əldə olunacağı proqnozlaşdırılır. Məhz bu baxımdan Azərbaycan həm Amerika Birləşmiş Ştatlarının, həm də şəxsən Donald Trampın xüsusi diqqət mərkəzindədir.
ABŞ üçün Cənubi Qafqazda etibarlı tərəfdaş Azərbaycandır. Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad qlobal ticarət və iqtisadi təhlükəsizlik üçün əsas şərtdir.
Prezident İlham Əliyevin ABŞ nümayəndə heyəti ilə görüşündə bir məsələ xüsusilə maraqlıdır. Diqqət yetirsək, görərik ki, Ermənistana ixrac olunan ərzaq məhsullarının əhəmiyyətli hissəsi həm Qazaxıstandan, həm də Rusiyadan tədarük olunur. Bu kontekstdə Donald Trampın irəli sürdüyü ideoloji və iqtisadi yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycanla əməkdaşlıq edərsə, mövcud blokadadan çıxa və eyni zamanda, Azərbaycan vasitəsilə öz strateji tərəfdaşları ilə birbaşa ticarət əlaqələri qura bilər. Bununla yanaşı, bu məsələ ilə bağlı bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan burada yalnız tranzit funksiyasını yerinə yetirmir. Ölkəmiz, eyni zamanda, həm özünün, həm də regionda yerləşən digər dövlətlərin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm logistika qovşağı rolunu oynadığını beynəlxalq ictimaiyyətə nümayiş etdirir.
Musa BAĞIRLI
XQ


