Qara Dəniz Ticarət və İnkişaf Bankının Bakı Forumu

post-img

Dünən Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik toplantısı çərçivəsində “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunmuş biznes-forumu keçirilib.

QDTİB və AZPROMO-nun birgə təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, bankın ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın maliyyə naziri, QDTİB-in Azərbaycan üzrə rəhbəri Sahil Babayev çıxış edərək ölkəmizin Avropa ilə Asiyanı birləşdirən mühüm iqtisadi və nəqliyyat qovşağı kimi strateji əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün nəqliyyat bağlantılarının inkişafı ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, güclü özəl sektorun formalaşdırılması, rəqabətqabiliyyətli şirkətlərin inkişafı və regional, eləcə də qlobal dəyər zəncirlərinə inteqrasiyanın gücləndirilməsi əsas prioritetlərdəndir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, prioritet inkişaf istiqamətlərinin maliyyələşdirilməsində yerli maliyyə institutlarının və özəl investorların rolunu da diqqətə çatdırıb: “Yeni imkanların reallaşdırılması üçün hökumətlər, beynəlxalq maliyyə institutları, kommersiya bankları və biznes dairələri arasında sıx tərəfdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Sərhat Köksal isə bildirib ki, Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq vasitəsilə dayanıqlılığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində görülən işlər investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Sərhat Köksal onu da bildirib ki, bankın Azərbaycanla əməkdaşlığı artıq 20 ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib. Bank rəhbəri bu müddət ərzində QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın təşviqinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Bank rəhbəri biznes-forumun Azərbaycanın gələcək inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayaraq tədbirin yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib.

Sonra QDTİB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Forum öz işini gündəliyə panel sessiyalar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərlə davam etdirib.

XQ

İqtisadiyyat