Azərbaycan Avropa İttifaqının regionda əsas tərəfdaşıdır

post-img

Ticarətin 70 faizi ölkəmizlə aparılır

Azərbaycan dövləti çoxvektorlu xarici siyasət kursunda Avropa Komissiyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Eyni zamanda, bu qurumun da Azərbaycanla əməkdaşlığa marağı getdikcə artır.

Bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, iyulun 1-də isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri Bakı–Brüssel münasibətlərinin dinamik inkişaf etdiyini və qarşılıqlı marağın gücləndiyini nümayiş etdirir.

Bu xüsusda Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirdi: “Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”.

Qeyd edək ki, ticarət, enerji və nəqliyyat bağlantıları Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərini təşkil edir. Dövlət başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır”.

Məlumat üçün bildirək ki, 2025-ci ildə Azərbaycan ilə Aİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü illə müqayisədə 177,4 milyon ABŞ dolları və ya 0,9 faiz çoxdur. Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracı 0,8 faiz artaraq 16,9 milyard ABŞ dolları, Aİ ölkələrindən idxalı isə 1,6 faiz artaraq 2,826 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66 faiz, idxalında isə 11,59 faiz olub.

Cari ilin yanvar–mart aylarında isə Azərbaycan ilə Aİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard ABŞ dolları olub. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,53 faiz, idxalında isə 14,09 faiz olub. Ölkənin Aİ bazarına ixracında əsas yeri neft və təbii qaz məhsulları tutur. Avropa İttifaqından ölkəmizə isə əsasən maşınqayırma məhsulları, nəqliyyat avadanlıqları, kimya sənayesi məhsulları və digər yüksək texnologiyalı məhsullar idxal edilir.

***

Məlum olduğu kimi, enerji əməkdaşlığı Bakı–Brüssel münasibətlərinin əsas hərəkətverici qüvvələrindən biri olmaqla yanaşı, tərəfdaşlığın strateji istiqamətini müəyyənləşdirən başlıca sahə hesab edilir. Hazırda Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir.

Bu əməkdaşlıqda mühüm dönüş nöqtəsi 2022-ci il iyulun 18-də Azərbaycan Respublikası ilə Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması oldu. Həmin dövrdə Rusiya qazından asılılığın yaratdığı çətinliklərlə üzləşən Aİ enerji təchizatının şaxələndirilməsi məqsədilə Azərbaycana üz tutdu.

O vaxtdan Azərbaycan Aİ-yə təbii qaz ixracını 65 faiz artırıb. Əslində isə enerji tərəfdaşlığının əsası daha əvvəl qoyulub. Bu sahədə əməkdaşlıq artıq 20 ilə yaxındır ki, davam edir. Belə ki, 2006-cı ildə tərəflər arasında Anlaşma Memorandumu, 2011-ci ildə isə Cənub Qaz Dəhlizinə dair Birgə Bəyannamə imzalanıb. Bu sənədlər Azərbaycan–Aİ enerji əməkdaşlığının möhkəm təməl üzərində qurulduğunu və zamanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

Əldə olunan nəticələr də bunu təsdiqləyir. Cənub Qaz Dəhlizi vasitəsilə son bir il və 2026-cı ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr təbii qaz ixrac edib. 2025-ci ildə ölkənin ümumi qaz ixracı 25,2 milyard kubmetr təşkil edib ki, bunun da yarıdan çoxu Avropa İttifaqı ölkələrinin payına düşüb.

Azərbaycanı Avropa üçün cəlbedici edən əsas amillərdən biri də onun əlverişli coğrafi mövqeyidir. Region geosiyasi baxımdan mürəkkəb və həssas mövqedə yerləşsə də, Azərbaycan uzun illər ərzində nəqliyyat infrastrukturuna yönəltdiyi iri investisiyalar hesabına bu üstünlüyü iqtisadi imkana çevirə bilib. Nəticədə ölkə nəqliyyat, logistika və tranzit sahəsində rəqabətqabiliyyətli mövqe qazanaraq beynəlxalq yükdaşımalarında etibarlı tərəfdaş kimi möhkəmlənib. Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı aparıcı rol ölkəmizin strateji əhəmiyyətini daha da artırıb.

Bu gün Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağıdır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, müasir dəmir yolu şəbəkəsinin qurulması və azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Məhz bu strateji üstünlüklər Avropa İttifaqının da Azərbaycana marağını artırır. Təsadüfi deyil ki, ölkəmiz Aİ-nin irəli sürdüyü "Qlobal Qapılar" (Global Gateway) təşəbbüsünün əsas tərəfdaşlarından biridir.

Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün əldə olunmasından sonra regionda yeni nəqliyyat imkanları formalaşmağa başlayıb. Azərbaycanın Ermənistana yönələn yüklərin öz ərazisindən tranzitinə qoyduğu məhdudiyyətləri aradan qaldırması və Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalar bölgənin nəqliyyat xəritəsinə müsbət təsir göstərib. Avropa İttifaqı da Bakı ilə İrəvan arasında nəqliyyat bağlantılarının genişlənməsini uzunmüddətli sülhün möhkəmləndirilməsi baxımından mühüm amil hesab edir.

Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib: “Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər”.

O, Cənubi Qafqazın Avropa, Xəzər regionu və Mərkəzi Asiyanı birləşdirən mühüm geostrateji məkan olduğunu vurğulayaraq bildirib: “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.

Qeyd edək ki, Ursula Fon der Lyayenin irəli sürdüyü “Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı” təşəbbüsü Aİ-nin Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən geostrateji bağlantı mərkəzi kimi qiymətləndirdiyini nümayiş etdirir. Bu yanaşma Bakı-Brüssel əməkdaşlığının gələcəkdə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və investisiya sahələrində daha da genişlənə biləcəyinə işarə edir.

Aİ ilə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirən əsas istiqamətlərdən biri də “yaşıl enerji” sahəsidir. Azərbaycanın zəngin günəş, külək və su elektrik enerjisi potensialı ölkəyə gələcəkdə Avropanın bərpaolunan enerji təchizatında mühüm rol oynamaq imkanı yaradır. Məhz bu baxımdan Avropa Komissiyası Azərbaycanı Avropa İttifaqı ilə birləşdirəcək “Yaşıl Enerji Dəhlizi”nin yaradılması təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə əməkdaşlığı strateji prioritetlərdən biri kimi qiymətləndirir.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat