Ulu öndərin xatirəsinə klassik musiqi

post-img

Ulu öndərin xatirəsinə klassik musiqi Dünən “Gənclik” metrostansiyasının yaxınlığında yenicə istifadəyə verilmiş istirahət parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Bakının baharı” adlı klassik musiqi konserti olub.

Dövlət rəsmilərinin, çoxsaylı qonaqların və paytaxt sakinlərinin iştirak etdikləri proqramda beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında əsərlər səsləndirilib.

Konsert zamanı Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi mahnılar səsləndirilib. Proqrama Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Müslim Maqomayev, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı, dünya şöhrətli Antonio Vivaldinin əsərləri də daxil idi.

Paytaxt sakini Orxan Ağayev XQ-yə bildirib:

– Ümummilli liderimiz Heydər Əliyevin həyat yolu, siyasi mübarizəsi və dövlət quruculuğundakı fəaliyyəti müasir Azərbaycanın əsas dayaqlarını formalaşdıran sütunlardandır. Ulu öndər mədəniyyətə, incəsənətə də lazımi qayğı göstərir, hər kəsin musiqi zövqünün olmasını vacib sayırdı. Ağsaqqalların dediyinə görə, o, hələ respublikamıza rəhbərlik etdiyi ilk dönəmdə paytaxtla yanaşı, digər şəhərlərimizdə də klassik musiqi dinləmələrini vacib sayır və tövsiyə edirdi.

Bu baxımdan bu gün burada məhz klassik musiqi konsertinin təşkili təsadüfi deyil. Ruhu şad olsun.

Sənubər İsmayılova isə dedi:

– Heydər Əliyevin mədəniyyət fəlsəfəsinin əsasını insanların musiqi zövqünün inkişafı təşkil edirdi. Bugünkü tədbirin məqsədi də elə budur. Baxın, yeni istifadəyə verilmiş parkda təşkil olunan ilk tədbirlərdən biri məhz kamera musiqisi konsertidir. Çıxışları maraqla dinlədik və qocaman Xəzərdən əsən meh kimi həzin musiqinin qanadlarında xeyli feyziyab olduq. Bizə bu zövqü yaşadan musiqiçilərə və təşkilatçılara minnətdarıq.

R.FİKRƏTOĞLU
XQ

Mədəniyyət