Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib

post-img

Sentyabrın 18-də Azərbaycan professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə bəstəkarın ev-muzeyində tədbir keçirildı. Tədbirin açılış sözünü musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova – Cabbarova söylədi. 

Mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyətin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova və başqaları çıxış edərək Üzeyir bəyin zəngin yaradıcılığından maraqlı faktlar bölüşdü, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətləri bir daha vurğulandı. Qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov da qonaqlar sırasında idi. 

Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Cəngi”, “Yaxşı yol”, “Çırpınırdı Qara dəniz” əsərləri, həmçinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından duetlər səsləndirildi. Tədbiri musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zümrüd Dadaşzadə öz çıxışı ilə bitirdikdən qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış oldular.



Mədəniyyət