Romadan Qafqaz Albaniyasına səyahət

post-img

İtaliyada çalışan soydaşımız Ləman Bərdəlinin Vatikanda Vətən təqdimatı

Bu il aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Qafqaz Albaniyası irsinə həsr edilmiş “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı XII beynəlxalq elmi konfransda Roma Sapienza Universitetinin sənət tarixi üzrə doktorantura məzunu, elmi və mədəni fəaliyyətini İtaliyada davam etdirən soydaşımız Ləman Bərdəlinin mövzuya fərqli yanaşması məclisdə böyük maraq doğurub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkil etdiyi konfransda İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan albanşünas mütəxəssislərin məruzələri sırasında elmi məclisə Romadan qoşulmuş azərbaycanlı Ləman Bərdəlinin qədim Qafqaz mifologiyası və genetik yaddaşla bağlı mülahizələri elmiliyi, inandırıcılığı, ən əsası isə yeniliyi ilə diqqət çəkib. Araşdırmaçınmın Qafqaz əfsanələrinin əsas obrazlarından olan Targamosun oğullarını Qafqaz xalqlarının əfsanəvi əcdadları kimi təqdim etməsi regionun ən qədim tarixi ilə bağlı fərqli yanaşmanı əks etdirib.

Məruzəçi Bardos, Movakan, Eros və Lek kimi adların Qafqaz Albaniyası ilə əlaqələndirərək, bu anlayışları təkcə mifoloji deyil, həm də mədəni-etnik rəmz kimi təqdim edib. Ləman Bərdəli soy-kökünün də bağlı olduğu məkanın mənşəyini Bardos obrazında axtararaq, bu adı Qafqaz Albaniyasının tarixi paytaxtı Bərdə şəhərinin əfsanəvi qurucusu kimi təqdim edib.

Vatikan konfransı barədə bu xəbərdə söhbət açılan Bərdəli soyadlı Ləman xanımın kimliyi ilə maraqlanada onun bir vaxtlar İtaliyada çalışmış, xeyli vaxtdır genetik təbabətlə bağlı önəmli fəaliyyətini Türkiyədə davam etdirən, bu sahədə qardaş ölkənin ilk tədqiqat mərkəzini Egey Universitetində qurmuş məşhur soydaşımız professor Afiq Bərdəlinin qızı olduğunu öyrəndik.

Ləman 1989-cu ildə dünya şöhrətli genetikin ailəsində doğulub. İlk təhsilini İzmirdəki İtaliya kraliçası Savoyalı Marqaritanın adına xüsusi təhsil müəssisəsində alıb. Orta təhsilini Türkiyənin nüfuzlu Bornova Anadolu Liseyində başa vuran gənc bakalavr mərhələsini İzmirin Yaşar Universitetində ingilis dili və ədəbiyyatı üzrə keçib. O, Egey Universitetinin magistraturasını incəsənət tarixi ixtisası ilə başa çatdırıb. Roma Sapienza Universiteti tarix, din, antropologiya və incəsənət fakültəsində doktorantura təhsili alaraq “Rəsm əsərinin ritmi” mövzusunda dissertasiya müdafiə edib.

Bu qısa bioqrafiyanı onlayn söhbətimizdə Ləman Bərdəli özü belə tamamladı:

– Hazırda incəsənətə neyroestetik yanaşma ilə bağlı tədqiqatlar aparır, praktik fəaliyyət göstərir, elmi və incəsənət jurnallarında müəlliflik edirəm. İtaliyada mədəniyyətlərarası vasitəçilik məqsədilə tərcümə, bələdçilik və incəsənət məsləhətçiliyi xidmətləri göstərən şirkət təsis etmişəm.

– Belə çıxır ki, Vatikan şəhərində keçirilmiş Qafqaz Albaniyası irsinə həsr edilən beynəlxalq elmi konfransdakı iştirakınız da təsadüf olmayıb...

– Təbii ki, belədir. Vatikanda keçirilən beynəlxaq konfransda iştirakım bilavasitə bu mərasimin adı ilə bağlı idi: Azərbaycanda xristianlıq. Azərbaycandan çox-çox uzaqlarda səslənən Azərbaycan adından uzaqda durmaq mümkünsüz idi. Digər tərəfdən, Azərbaycanın qədim xristian irsi olan Qafqaz Albaniyasının tarixi və bugünkü etnik-mədəni yaddaşdakı yerinin müzakirə edildiyi bir mərasimdə iştirakım vacib idi.

Uşaqlıqda göy üzündə gördüyüm “Luna”, yəni Ay mənim üçün çox cazibədar idi. Ayın səthindəki kraterlərdən yaranan siluetlər və fiqurlar şəklində yaddaşıma həkk olunan o ilk təsvirlər, sanki, 30 il sonra Azərbaycanın antik tarixi abidəsi olan Qafqaz Albaniyasındakı “Ay məbədi” ilə qarşılaşacağıma öncədən verilmiş işarə idi. Bu mənəvi və mifik əlaqə mənim daxili aləmimdə dərin izlər buraxmışdı.

Ən böyük ilham qaynağım isə atam Afiq Bərdəlinin ana vətəni olan Bərdə ilə tanışlığım, bu şəhərlə qurduğum mənəvi və tarixi bağ oldu. Məhz bu tellər məni dəyərli müəllimlərim – professor Aydın İbrahimov və Çingiz Abdullayevin dəstəyi ilə Vatikanda keçirilən beynəlxalq konqresə aparıb çıxardı.

Mövzu xristianlıq olduğundan mən bu məsələni sırf tarix və ya inanc çərçivəsində deyil, fəlsəfəsi baxımdan təhlil etməyə üstünlük verdim. Çıxışımda günümüzdə dominant mövqe qazanan bəzi xristian məzhəblərindən fərqli, Qafqaz Albaniyasına məxsus olan, daha ilkin və lokal inanc modelinə əsaslanan bir xaçpərəstlik anlayışını müdafiə edirəm. Bu yanaşma, həm tarixi kontekst, həm də inanc sistemlərinin fəlsəfi strukturları baxımından fərqli və aktual bir mövqe təklif edir.

– Sənin bu yanaşma ölçülərinə ibtidai təhsil aldığın məktəbin təsiri olubmu?

– Əlbəttə. Tarixi 1887-ci illərə uzanan, İzmir Levantenlərinə təhsil xidməti göstərən, eyni zamanda, dünyəvi təhsil verən və rahibə müəllimlərin dərs dediyi bu məktəbdə ana dili səviyyəsində italyan dilini öyrəndim. Çox kiçik yaşlarımdan “İncil” ilə tanış oldum və onu fəhm ilə, yəni sezgi ilə anlamağa başladım.

Zaman keçdikcə alleqorik oxuma tərzini mənimsədim. Əslində, əlimə alıb oxuduğum ilk kitab “İncil” deyil, Qrimm qardaşlarının və Andersenin nağılları olub. Ardınca Lyuis Kerrollun “Alisa möcüzələr ölkəsində” əsəri məni dərindən təsirləndirdi və ədəbiyyata böyük marağım yarandı. Bu səbəbdən ingilis dili və ədəbiyyatı üzrə təhsil almağa qərar verdim. Lakin incəsənətdən də uzaq qalmaq istəmədiyim üçün bu marağımı onun tarixi ilə birləşdirdim.

– Vatikanda keçirilən elmi konfransdan sonra erməni cəmiyyəti ciddi çalxalanmalar keçirdi. Kütləvi etirazlar oldu, yenidən tarixi saxtalaşdırmalara baş vurdular…

– Qafqaz Albaniyasının tarixi ilə bağlı elmi tədqiqatların aktuallaşması bəzi erməni dairələrində narahatlıq doğurur. Bu çalxalanma başadüşüləndir. Həmin dairələr uzun illər boyu bölgənin tarixini özlərinə sərfəli şəkildə təhrif etməyə çalışmış, xüsusilə də Qafqaz Albaniyasına məxsus dini-mədəni irsi erməniləşdirmiş, həyasızcasına mənimsəmişlər.

Lakin bu gün aparılan tədqiqatlar tarixi faktlara əsaslanır və məqsədi təhrif deyil, ədalətin bərpasıdır. Azərbaycan tərəfi hər zaman obyektiv elmi yanaşmanı əsas tutaraq, Qafqaz Albaniyasının irsinin qorunması və tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. Tarixin saxtalaşdırılmasına ehtiyac yoxdur, çünki mövcud elmi sübutlar və mənbələr Azərbaycanın bu sahədəki mövqeyinin haqlı olduğunu təsdiqləyir.

Ermənilərin cəhdləri alternativ elmi yanaşmaların, həqiqətin susdurulmasına və regionun çoxmədəniyyətli tarixinin təhrifinə yönəlib. Tarixi faktlara əsaslanan obyektiv tədqiqatlar, mədəni irsin mənimsənilməsi deyil, əksinə, onun qorunmasıdır. Qədim Qafqaz Albaniyasının varisi hesab olunan alban-udi icmasının mövcudluğu və onların dini-mədəni irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın udi icması bu qədim sivilizasiyanın dil, din və memarlıq sahəsindəki ənənələrini bu günə qədər yaşatmaqda davam edir.

– Bu məsələdə ermənilər hətta Roma Papasını hədəfə almaqdan belə çəkinmədilər...

– Erməni dairələrinin Roma Papasına qarşı yönəlmiş əsassız ittihamları və təhqiramiz kampaniyaları tarixi həqiqətlərin ortaya çıxması ilə bağlı artan narahatlığın təzahürüdür. Xüsusilə, Qafqaz Albaniyasının xristian irsi və bu irsin Azərbaycan ərazisində formalaşmış olması faktı bu narahatlığı daha da artırır. Roma Papasının mövqeyini təhrif edərək onu guya ermənilərə qarşı çıxmaqda ittiham etmək, həm dini, həm də etik dəyərlərlə ziddiyyət təşkil edir.

Bu yanaşmalar, elmi diskussiyanı emosional və təhqiramiz ritorika ilə əvəzləmə cəhdidir. Halbuki Qafqaz Albaniyasına məxsus dini abidələrin və kilsələrin planlı şəkildə erməniləşdirilməsi, tarixi mənbələr və arxeoloji sübutlarla təsdiqlənmiş bir həqiqətdir. Azərbaycanın bu məsələdə tutduğu mövqe tarixi ədalətin və elmi obyektivliyin bərpasına yönəlib.

Qafqaz Albaniyasının qədim tarixi böyük araşdırma mövzusudur. Fikrimcə, Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması və dünyaya çatdırılması ilə bərabər, erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq. Tarix bizim tərəfimizdədir, biz onu təhrif etmir, olduğu kimi təqdim edirik.

– Söylədiyiniz tezis doktorantura zamanı və sonrakı elmi araşdırmalarınızda necə inkişaf etdirilib?

– İxtisas təhsilim çevrəsində müqayisəli incəsənət tarixi, avanqard yaradıcılıq formaları və vizual-audio incəsənətə yönəlmiş neyroestetik yanaşmalar yer alıb. Bu sırada “Gözlərin musiqisi” adlı əsərim bir toxum idi. Mən onu əkdim. O bir fidana çevrildi və sonrakı bütün çalışmalarım böyüyüb bu ağacın meyvələri oldu.

2021-ci ildə Pietro Qonzaqanın 1800-cü ildə irəli sürdüyü “Gözlərin musiqisi” əsərini ingilis dilinə tərcümə edərək oxuculara təqdim etdim. Doktorantura dissertasiyamda Qonzaqanın vizual və eşitmə duyğularını sinxron şəkildə birləşdirmə prinsipini XX əsr avanqard incəsənəti ilə müqayisəli şəkildə təhlil etdim. Bu yanaşmanı “Hər forma bir musiqi ehtiva edir” deyən Kandinskinin fikirləri ilə qarşılaşdırdım və “rəsmin ritmi” anlayışı altında sintez etdim. Sonrakı tədqiqatlarımda bu nəzəriyyəni Leonardo da Vinçinin 2019-cu ildə Lecco şəhərində tapılmış eskizi üzərində konkretləşdirməyə çalışdım.

Bu əsəri seçməyimdə əsas amillərdən biri Leonardo da Vinçinin incəsənət tarixinin istiqamətini dəyişdirən sima olması, digəri isə doktorantura sonrası birlikdə tədqiqatlar apardığım professor Marco Marinacci ilə Leonardonun musiqiçi şəxsiyyəti üzərində xüsusi olaraq dayanmağımız oldu. Əsəri şəxsi kolleksiyalarında qoruyub saxlayan Silvia Gallo və Massimo Mazzolenin apardıqları araşdırmaları əsas götürərək, vizual riyaziyyatı eşidilə bilən bir formaya çevirdim. Beləliklə, konkret kontekstdə “Gözlərin musiqisi”ni yaratmış oldum.

– Ləman Bərdəlini duyumu düşüncəyə çevirən, tarixi estetika ilə sintez edən orijinal araşdırmaçı adlandırmaq olarmı?

– Sinestezik yanaşmalarla metafizikaya toxunan bu yolçuluq yalnız incəsənətin deyil, insan qavrayışının sərhədlərini də yenidən müəyyən etməyi hədəfləyir. Romadan Qafqaz Albaniyasına uzanan bu çoxqatlı düşüncə kainatı, keçmişin izlərini intuisiya ilə izləyib, yaddaşın xəritəsində yenidən canlandırmaq cəhdidir.

Digər tərəfdən Qafqaz Albaniyasının qədim mədəniyyəti ilə qurduğum ulusal bağ, bu coğrafiyanın tarixini, sanki, genetik yaddaşımda daşıdığım hissini yaradır və bu mövzu üzərində düşünmək mənə böyük zövq verir. İncəsənət, mədəniyyət, inanc və mifoloji sistemlərin tarix boyu nəsildən-nəslə ötürülməsi, genetik məlumatın hüceyrələr arasında ötürülməsinə bənzədilə bilər. Mən mövzuları hissələrə ayırdıqca, məlumat hər hissədə özünü bir şəkildə təzahür etdirir. Məqsədim qədim irsimizi çağdaş fəlsəfi paradiqmalarla birləşdirərək yeni bir baxış müstəvisi yaratmaqdır.

Bu həm də tarixə və mədəni irsə sayğılı bir yanaşma tələb edir. Bu istiqamətdə atılan təşəbbüsləri əngəlləmək və elmi müzakirələri gözdən salmaq cəhdləri sağlam və əsaslı düşüncə ilə uzlaşmır. Belə yanaşmalar, təəssüf ki, açıq dialoqun və akademik inkişafın qarşısını alır, eyni zamanda, obyektiv elmi təhlilə ehtiyac duyulan mövzuların siyasiləşdirilməsinə səbəb olur.

– Sonda bildirək ki, Vatikandakı çıxışınız konfrans salonunda ciddi maraq doğurduğu kimi, ölkəmizdə də öyünclü əks-səda doğurdu. Romadan qayıdan alimlərimiz bildirdilər ki, sizin araşdırmanız Qafqaz irsinin qlobal elmi müstəvidə tanıdılması baxımından yeni və önəmlidir. İnanırıq ki, sorağınız daha böyük məclislərdən gələcək, zənginləşən elmi karyeranız Azərbaycana şöhrət gətirəcək.

Söhbəti apardı:
Namiq QƏDİMOĞLU
XQ



Müsahibə