Müsahibimiz tanınmış media pedaqoqu və nəzəriyyəçisi, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin keçmiş dekanı, yeni media və kommuniksiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmovdur. 60 ildən artıq müddətdə peşəkar jurnalistlərin bir neçə nəslinin sevimli müəllimi olan ustad qələm sahibi çağdaş media nəzəriyyələrinin tədrisi prosesini milli mətbuatımızın demokratik ənənələrinin tarixi təcrübəsi ilə məharətlə uzlaşdırır.
– Akif müəllim, milli mətbuatımızın tarixi jurnalistlərimizin indiki nəsli üçün canlı media məktəbidir. Bu baxımdan ilk milli qəzetimiz “Əkinçi”nin illər ötdükcə qədir-qiyməti yüksəlir. Abdulla Şaiqin həqiqi xalq xadimi adlandırdığı Həsən bəy Zərdabinin ərsəyə gətirdiyi bu qəzetin özü də xalqa sözlə, qələmlə xidmətin mükəmməl nümunəsidir.
– Həsən bəy Zərdabi təkcə bizim xalqın deyil, türk dünyasının böyük oğludur. Yetirmələri və davamçıları onu millətin mənəvi atası sayırdılar. Ümummilli lider Heydər Əliyev Atatürk mükafatının təqdimetmə mərasimində demişdi ki, Mustadfa Kamal onun ən çox sevdiyi, özünə müəllim saydığı tarixi şəxsiyyətdir. Xatırladaq ki, Atatürk Ziya Göyalpı, Göyalp Yusif Akçuranı, Akçura İsmayıl bəy Qaspralını, Qaspralı isə Həsən bəy Zərdabini ustad kimi qəbul etmişdilər. Göründüyü kimi, bu ümumtürk şərəf sıralamasında ilk vəsilə Zərdabidir.
Qədim türk yurdu Şirvanın ucqar Zərdab kəndində doğulmuş, dövrünün sivil dəyərləri ilə yetkinliyə çatmış Həsən bəy Zərdabinin zəngin və çoxcəhətli bioqrafiyasında Azərbaycan mətbuat tarixinin özülü olmuş "Əkinçi" qəzeti xüsusi yer tutur. Aradan 150 il keçsə də “Əkinçi” yazılarında Zərdabinin xalq sevgisindən qaynaqlanan cəsarətli obrazı görünür. Qəzet milli mətbuat tarixi ilə yanaşı, Azərbaycan ictimai fikir tarixində də böyük rol oynamışdır.
Həsən bəy Zərdabi xalqın maariflənməsində, tərəqqisində qəzetə yüksək qiymət verirdi. Odur ki, qəzet buraxmağı qarşısına məqsəd qoyur. Bu böyük insan çox çətinliklə də olsa "Əkinçi"ni nəşr edə bildi. Qəzetin ilk sayı 1875-ci il iyulun 22-də işıq üzü gördü. "Əkinçi" "dərviş kimi nağıl deyə bilməz"di, çünki savadsız, dünyadan bixəbər insanları oyatmalıydı, "onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nik bədindən xəbərdar olub onun əlacının dalınca olsun".
Qəzet birinci sayının proqram məqaləsində yazırdı ki, zəmanə dəyişilməyi tələb edir. "O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər". Zərdabi yeni mütərəqqi həyata çağırırdı insanları. Yazıları oxuduqca biz onun şahidi oluruq.
– Həsən bəy mətbuatı cəmiyyətin güzgüsü sayırdı. 150 ildən sonra biz bu güzgüdə nələri görürük?
– Bəli, böyük ustadımız mətbuatı yaxşını yaxşı, pisi pis kimi göstərən ayna kimi görürdü. Zərdabi ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı. "Doğru sözə" düşmən olan ictimai quruluş belə bir qəzetin nəşrinə 3 illik gərgin mübarizədən sonra icazə vermişdi.
Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, özü dediyi kimi, “millətin vəkili”statusu daşıyan Mirzə Fətəli Axundovla Həsən bəy Zərdabi yazışmalarında "Əkinçi"nin ərsəyə gəlmə tarixçəsi, onun məramı barəsdə dəyərli fikirlər əksini tapmışdır. Axundov qəzetin nəşrindən əvvəl 1875-ci il aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda "Əkinçi"nin qarşısında duran vəzifələri müəyyənləşdirərək yazırdı ki, qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.
– Bu mənada, “Əkinçi” Mirzə Fətəlinin komediyalarındakı kimi xalqla onun dilində danışdı. Tədqiqatçılar “Əkinçi”nin dilini ilk mətbuat üslubu nümunəsi sayırlar.
– "Əkinçi" fəaliyyət göstərdiyi dövrdə, eləcə də sonralar Həsən bəy dilimizin saflığına çalışmış, maarifçilik mədəniyyətinin tərkib hissəsi olan kitab çapına diqqət yetirirdi. O qəzetdə bu barədə söz açaraq başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı.
"Əkinçi" zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdi. Həsən bəy Zərdabi öz yüksək arzularını həyata keçirmək yolunda mübarizədə o dövrün görkəmli ziyalıları Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid, Əsgər ağa Görani, Ələkbər Heydəri və başqalarına arxalanırdı.
Həsən bəy Zərdabi qəzetin məzmununun izahını verərkən bildirmişdir ki, orada elmi xəbərlərlə yanaşı, təzə xəbərlər də olacaqdır. O, axıra kimi nizamnaməsinə sadiq qalaraq, elmi və təzə xəbərləri verməklə Azərbaycan xalqının ölkə və dünya hadisələrindən xəbər tutmasına, maariflənməsinə, bir sözlə, xalqımızın dünya xalqları ilə inteqrasiyasına böyük xidmət göstərmişdi. Qəzet dünyada baş verən problem xarakterli xəbərlərdən bolluca istifadə etmişdir. İstifadə olunan xəbərlər fakta söykənirdi. Xəbərlərin coğrafiyası da olduqca geniş idi, dünyanın çox ölkələrini əhatə edirdi.
– Zərdabi ilk milli qəzetimizi dünya mətbuatının təcrübəsini öyrənərək daha məzmunlu və təsirli nəşr kimi buraxmağa çalışır, məhdud imkanlarla buna nail olurdu.
– “Əkinçi”də dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm yazılar dərc edən Həsən bəy onların çap mədəniyyəti, yayılması barədə məlumatlar verməklə müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı. Qəzetin "Daxiliyyə"sində dərc olunmuş bir yazıya qısa ixtisarla diqqət yetirək: "Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur. Bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, amma indi Kutaisi şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin. Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5-10 qəzet çap edək? Bəziləri qəzet oxumağı günah hesab edir ki, güya, qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağinda sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər!".
“Əkinçi” yaxşı ilə pisi, xeyirlə şəri ayırmağı məsləhət görür, cəmiyyətdə haqq və ədalətin, azadlığın zəfər çalacağına inanırdı. Bu şərtlə ki, insanlar qul psixologiyasından azad olsunlar.
– “Əkinçi” milli oyanışda xalqın mənəvi dəyərlərindən istifadəyə də ciddi önəm verirdi.
– Həsən bəyin bu sahədə ədiblərimizdən gözləntisi böyük idi. O, ictimai məzmunu olmayan yaradıcılığı ziyanlı sayırdı, dövrünün mənasız şeirlər yazan şairlərini məzəmmət etməkdən də çəkinmirdi. Zərdabi gül-bülbül aşiqi şairlərdən xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. Zövqü oxşamayan, heç bir məna kəsb etməyən şeirlərə bəslənən mahnılar Zərdabini çox narahat edirdi.
"Əkinçi" millətin oyanması işində mahnı və nəğmələrin rolunu xüsusi qeyd edərək yazırdı: "Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnılar olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəssüb eləsin ki, xudavəndə, onları kim və nə üçün düzəldib. Onların çoxunu ki, avam çağırır, heç mənası olmur.
– Həsən bəyin vəfalı və fədakar silahdaşı olan həyat yoldaşı Hənifə xanım Abayeva – Məlikzadə xatirələrində yazır ki, Zərdabi təkbaşına bir neçə adamın işini görürdü. Bu fədakarlıq onun Vətəninə, xalqına bəslədiyi məhəbbətdən irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına heyran qalaraq "Siz əsl qəhrəmansınız", "Siz öz xalqınızı çox istəyirsiniz" demişdi.
– Böyük mütəfəkkir Əli bəy Hüseynzadə isə milli mətbuatımızın banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: "Aləmi - islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl "milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi". "Əkinçi" qəzetinin Azərbaycan xalqı qarşısında xidmətləri olduqca böyükdür. Qəzet mübariz ideyalar yayır, mülkədar - bəy ağalığına qarşı çıxır, ictimai şüuru formalaşdırırdı. 1877-ci ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan bəylərini, onların puldan başqa ayrı qayğıları olmadığını, günlərini eyş-işrətlə keçirdiklərini kəskin tənqid edirdi. Qəzet yazırdı ki, "yeyib, içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə oxşadıb, əslən elmdən bixəbər" olan bu ağalar "xalqın xoşbəxtlik fikrini çəkməzlər".
– Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsadüfi deyil ki, “Əkinçi” deyəndə, biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı.
– Bu da təbiidir. O dövrdə zərərli adət və ənənələrinin girovuna çevrilmiş müsəlmanları oyatmaq lazım idi. Məmməd Əmin Rəsulzadə Həsən bəyin dəfn mərasimindəki nitqində demişdi: "Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini bilər".
Həsən bəy gənclərə müraciət edərək çətinliklərdən qorxmamağa çağırırdı. O, bütün ümidini gənclərə bağlayırdı. Bilirdi ki, Azərbaycanın gələcəyini məhz gec-tez bu elmli gənclər təmsil edəcək və millətin maraqlarını müdafiə edəcəklər: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər ... qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq".
– Təəssüf ki, bəzi ədabaz, özünü dahi hesab edən yazarlar “Əkinçi”nin Azərbaycan jurnalistikası tarixindəki rolunu, Həsən bəy Zərdabinin müqəddəs missiyasını düzgün qiymətləndirmək istəmir, onu əkindən, tövlədən yazan qəzetçi kimi qələmə vermək istəyirdilər. Yaxşı ki, onlar vaxtında yerlərində oturdular, bəziləri isə peşman olub üzrxahlıq etdilər.
– Belə düşünənlər qəzetin adının "Əkinçi" olmasını əsas gətirirlər. Bu, yanlış fikirdir. Unutmaq olmaz ki, o vaxt qəzet buraxmaq, xüsusilə də müsəlmanlar üçün çətin idi. Elə buna görə də Həsən bəyə məsləhət görürlər ki, qəzeti "Əkinçi" adlandırsın ki, onun çapına icazə ala bilsin. O, bu barədə yazırdı: "Mən ona (Staroselski nəzərdə tutulur) dərdimi deyəndən sonra ... məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq". Əslində isə Həsən bəy kənd təsərrüfatı ilə yanaşı, xalqın mədəni səviyyəsini və onu maarifləndirməyi qarşısına məqsəd qoymuşdu.
"Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, "onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu. Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da "Əkinçi"nin ideyalarını inkişaf etdirdilər.
– “Əkinçi” haqqında çox deyilib, çox yazılıb. Görkəmli alimlər Abbas Zamanov, Əziz Mirəhmədov, Ziyəddin Göyüşov, İzzət Rüstəmov, Nazim Axundov, Vəli Məmmədov və başqaları Zərdabi və onun “Əkinçi” qəzetini müxtəlif aspektlərdən tədqiq etmişlər. Lakin milli mətbuatımızın qaranquşu “Əkinçi”dən hələ çox öyrənməliyik.
– Mətbuatımzın ağsaqqalı, professor Şirməmməd Hüseynov məqalələrinin birində yazırdı ki, "Əkinçi" qəzetinin ənənələrindən təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.
Bəli, əminliklə deyə bilərik ki, alim, böyük maarifçi, jurnalist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımızda “Əkinçi”nin ideyaları bu gün də yaşayır və heç zaman unudulmayacaq.
Çapa hazırladı:
Tahir AYDINOĞLU
XQ