Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan minifutbol turnirinin bağlanış mərasimi keçirilib.
Məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi verib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər xüsusi vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli milli ordu quruculuğu istiqamətində davamlı islahatlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda qalib komandalara kubok və medallar təqdim olunub.